ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası ölkənin strateji prioritetlərinin dəyişdiyini göstərir. Artıq NATO ABŞ üçün əsas prioritet deyil, Rusiya ilə münasibətlərin inkişafı isə aparıcı mövqe qazanır.
Qaynarinfo xəbər verir ki, bunu UNIAN-a açıqlamasında siyasi şərhçi, "Ukrayna prizması” tədqiqat qrupunun "Şimali Amerika” proqramının rəhbəri Aleksandr Krayev
bildirib.
"Əslində çox aydındır ki, amerikalılar NATO-ya artıq prioritet kimi baxmadıqlarını ciddi şəkildə bəyan edirlər. Tramp miqrasiya səbəbindən Avropa ilə münasibətlərə yenidən baxacağını demişdi. Bütün bunlar əvvəllər zarafat kimi qəbul olunurdu. Fikirləşirdilər ki, ABŞ prezidenti Avropa ilə münasibətləri necə ciddiyə almaya bilər? NATO və təhlükəsizlik öhdəliklərini necə qeyri-ciddi görə bilər? Məlum oldu ki, Tramp zarafat etmirmiş. Tamamilə ciddi danışırmış. Və indi elə bir reallıqda yaşayırıq ki, Avropa öz ayaqları üstündə durmağı öyrənməlidir”, — deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, yeni strategiyada yer alan əsas müddəalar — "əvəzləyici miqrasiya”, Avropa ilə bağlı şübhələr, Rusiya ilə münasibətlərin bərpasına dair fikirlər — bunların hamısı Trampın keçmiş müşaviri və ideoloqu Stiv Bennonun əvvəllər dediklərinə çox bənzəyir. Krayevin fikrincə, demokratlar bu ideyaların heç vaxt siyasi reallığa çevriləcəyinə inanmırdılar.
"Amma məlum oldu ki, Bennonun ideyaları yaşayır və Tramp onları həyata keçirməyə hazırdır. Strategiyanın daha ilk səhifəsindən Bennonun xətti görünür”, — deyə o bildirib.
Ekspert xatırladıb ki, məhz Bennon ABŞ-ın resursları köhnə alyanslara deyil, yeni alyanslara yönəltməli olduğu tezisinin müəllifidir:
"Yeni alyanslar tarixi bağlılıqlara deyil, ideoloji yaxınlığa əsaslanmalıdır. Guya Avropa artıq "sola meylli və liberaldır”, buna görə də onunla əməkdaşlıq etmək mənasızdır. Rusiya isə Bennonun təsəvvüründə "mühafizəkar sağçı ölkədir”. Biz bilirik ki, bu, reallığa uyğun deyil”.
Eyni yanaşma Mərkəzi Asiya ölkələrinə də tətbiq olunur — çünki onlar da, Bennona görə, mühafizəkar və ənənəvi dəyərlərə bağlıdırlar.
"Yaxınlarda Mərkəzi Asiyanın aparıcı liderlərinin böyük nümayəndə heyətinin Trampın yanına səfəri və bir sıra demək olar ki, ittifaq səviyyəsində razılaşmaların imzalanması bunu təsdiqləyir”, — Krayev əlavə edib.
Ekspertin fikrincə, Bennonun ideyaları və "Layihə–2025” konsepsiyasında ifadə olunan ABŞ-ın gələcəyə dair baxışı indi çox sürətlə həyata keçirilir.
"Bu mənzərədə Trampı qiymətdən salmaq olmaz. Onun ətrafındakı insanlar strateji düşüncəyə malikdirlər və bu baxışı gələcəkdə də irəli aparacaqlar”, — deyə Krayev bildirib.
Bununla belə, ekspert vurğulayıb ki, Trampın özü ardıcıl qərar qəbul edən fiqur deyil və ətrafındakı ideoloqların gücünə baxmayaraq, strategiyanın reallaşması ya çox uzun zaman alacaq, ya da Trampın komandası bunu hədəflədiyi qədər prioritet etməyəcək:
"Strategiya həqiqətən təhlükəli və qorxulu görünür, amma onun dəqiq şəkildə həyata keçiriləcəyini düşünmək lazım deyil. Trampın çoxlu planları olub və var, amma onların maksimum 30%-i gerçəkləşir. Bu sənəd ABŞ-ın strateji prioritetlərinin dəyişdiyini və ölkənin özünü necə təqdim etdiyinin transformasiyasını göstərir. Strategiyaya ciddi yanaşmaq lazımdır, amma onu sözbə-söz qəbul etmək doğru deyil”.
Xatırladaq ki, dekabrın əvvəlində ABŞ milli təhlükəsizlik strategiyasını yeniləmişdi. Sənəddə Rusiyayla strateji sabitliyin bərpasının prioritet olduğu qeyd olunur. Eyni zamanda vurğulanır ki, NATO "daimi genişlənən alyans” kimi qəbul edilməməlidir və gələcək onilliklərdə bəzi NATO ölkələri ABŞ-la münasibətlərinə yenidən baxa bilərlər.
Alpər
Şərhlər