Finlandiya illik dünya xoşbəxtlik hesabatında ardıcıl 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Qaynarinfo xəbər verir ki, Oksford Universitetinin Rifah Araşdırma Mərkəzi tərəfindən yayımlanan 2025-ci ilin dünyanın ən xoşbəxt ölkələri hesabatına görə, Skandinaviya ölkələri yenə də siyahının ilk sıralarlında qərarlaşıb.
147 ölkənin yer aldığı reytinqdə Finlandiya birinci yeri tutaraq dalbadal 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi olub. Finlandiyanı Danimarka, İslandiya və İsveç izləyib.
ABŞ ötən il olduğu kimi bu il də ilk 20-likdə yer almayıb. Keçən il 23-cü pillədə olan ölkə bu il 24-cü sıraya geriləyib. Kosta Rika və Meksika isə ilk dəfə olaraq dünyanın ən xoşbəxt 10 ölkəsi sırasına daxil olub.
Dünyanın ən xoşbəxt 10 ölkəsi:
1. Finlandiya
2. Danimarka
3. İslandiya
4. İsveç
5. Niderland
6. Kosta Rika
7. Norveç
8. İsrail
9. Lüksemburq
10. Meksika
Siyahıda Almaniya 22-ci, Böyük Britaniya 23-cü, Fransa 33-cü, İspaniya 38-ci, İtaliya isə 40-cı pillədə yer alıb. Keçən il 98-ci yerdə olan Türkiyə bu il 94-cü sıraya yüksəlib.
Müharibənin davam etdiyi Ukrayna 105-ci yerdən 111-ci yerə geriləyib, Rusiya isə 72-ci sıradan 66-cı yerə qalxıb. Münaqişələr və yoxsulluqla mübarizə aparan Əfqanıstan 147-ci yerdə qərarlaşaraq siyahının sonunda qalıb.
Dünya xoşbəxtlik hesabatı hazırlanarkən iştirakçılardan həyatlarını 0-dan 10-a qədər qiymətləndirmələri istənilib. Bununla yanaşı, Rifah Araşdırma Mərkəzi hesabatda yer alan ölkələrdə adambaşına düşən milli gəlir, sosial dəstək, sağlam həyat gözləntisi, azadlıq, yardım fəaliyyəti və korrupsiya səviyyəsi kimi amilləri də nəzərə alıb.
Oksford Universiteti ilə birgə çalışan Gallup anket şirkətinin baş direktoru İlana Ron Levi Skandinaviya ölkələrinin siyahının başında yer almasının təəccüblü olmadığını bildirib.
O, Finlandiyanın özünəməxsus xüsusiyyətlərə malik olduğunu vurğulayaraq qeyd edib: "Finlandiyalılar bir-birinə güvənir, gələcəyə ümidlə baxır, qurumlara inanır, ailə və dost dəstəyini hiss edirlər. Bu amillər Finlandiyanı dünyanın bir çox ölkəsindən daha xoşbəxt edir".
Levi Finlandiyada rifah bərabərsizliyinin ABŞ kimi ölkələrlə müqayisədə daha az olduğunu da əlavə edib.
Bundan başqa, o, digər ölkələrin Finlandiyadan öyrənə biləcəyi ən vacib məsələlərdən birinin yardım fəaliyyəti olduğunu vurğulayıb: "Görülən yaxşı işlər təkcə başqalarına deyil, onu edən insana da xoşbəxtlik gətirir".
Levi həmçinin bildirib ki, siyahıdakı ölkələrin təcrübəsi xoşbəxtliyin təkcə iqtisadi gəlirlə bağlı olmadığını göstərir:
"Xoşbəxtlik yalnız ÜDM və ya yüksək maaşlarla əlaqəli deyil. Əsas amillər güvən, sosial əlaqələr, sağlam münasibətlər və bu fərqli amillərin birləşməsidir. Ən xoşbəxt ölkələri digərlərindən fərqləndirən başlıca xüsusiyyətlər güclü sosial bağlara sahib olmaq, gələcəyə ümidlə baxmaq, yardımlaşma və insanların xeyirxahlığına inanmaqdır".
Aydın
Şərhlər