(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb)
Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. Artıq bununla bağlı "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.
Nədir özəl pensiya fondları?
Özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır.
Bu praktika dünyada geniş yayılıb. Belə ki, pensiya təminatın özəl fondlar vasitəsilə həyata keçirilməsi hazırda bir sıra ölkədə, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və həyata keçirilir.
Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, özəl pensiya fondlarının həm dövlət, həm vətəndaşlar, həm də ümumi pensiya fondu üçün üstünlükləri çoxdur:
"Belə ki, bu fondlar fərdi yığım və gəlir imkanı yaradır. İnsanlar öz gələcəkləri ilə bağlı fərdi şəkildə planlaşdırma apara bilirlər. Bu fondlar daha yüksək səviyyəli pensiya təminatına imkan verir. Eyni zamanda dövlətin əsas pensiya fondunun bir növ yükünü almış olur. Əlavə olaraq da kapitalın qorunması risklərinin idarə olunması, eyni zamanda da təminatın etibarlı şəkildə həyata keçirilməsi üçün fürsətlər yaradır".
"Həmin fondlar vətəndaşa hansı fürsətlər verəcək və nəyi dəyişəcək" sualına cavab olaraq Eldəniz Əmirov bildirib ki, bu sualların cavabları fərqli ola bilər. Çünki özəl pensiya fondunun imkanları və müsbət tərəfi çoxdur:
"Amma fürsətlərin və imkanların yüksək səviyyədə olması bir mənalı olaraq hər ölkə üçün bu layihənin uğurla icra olacağı demək deyil. Bu ölkədən ölkəyə dəyişir. Özəl pensiya fondları yalnız inkişaf etmiş ölkələrdə uğur qazanıb. Bunun da bir çox səbəbi var".
Özəl fondlarla dövlət fondlarının fərqi haqqında da danışan iqtisadçı bildirib ki, özəl olduğundan fondla qarşı tərəf arasında könüllü şəkildə müqavilə bağlanır:
"Bu müqavilənin şərtlərinə uyğun vəsait fonda yatırılır və idarə olunur. Daha sonra isə həmin vəsait sahibinə qaytarılır. Həmin vəsaitin isə neçə müddət sonra, hansı faizlə, hansı şərtlərlə qaytarılması artıq müqavilə şərtləri və digər aspektlərdə həll olunmalı məsələlərdir. Amma dövlət pensiya fondu əsasən insanların gəlirlərindən, əməkhaqqılarından tutulan müəyyən miqdarda vəsait hesabına formalaşır. Əlavə olaraq isə bəzən dövlət büdcəsindən də transferlər olur".
Günay İlqarqızı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər