Xəbər lenti

Dövlət Xidməti protokol yazdı, xanım sahibkar şərti olaraq cərimə edildi
Ekonomiks 18:16 18.02.2026

Dövlət Xidməti protokol yazdı, xanım sahibkar şərti olaraq cərimə edildi

"Ən Ucuz Taksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Bəgəliyeva Bacı Sənham qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib olunub. 

Qaynarinfo-nun məlumatına görə, protokol Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sahibkar xanım 2000 manat məbləğində şərti olaraq cərimə edilib. 

Qərarda göstərilir ki, şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozmalar aradan qaldırılmaqla məhkəməyə məlumat verilsin. Hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.

Qeyd edək ki, İXM-in 539.1-1-ci maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Aydın
--> -->