Xəbər lenti

Çin raket istehsalını əhəmiyyətli dərəcədə genişləndirir – CNN
Dünya 18:58 07.11.2025

Çin raket istehsalını əhəmiyyətli dərəcədə genişləndirir – CNN

Rusiya ordusunun Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra Çin raket istehsalını kəskin şəkildə artırıb.

Qaynarinfo xəbər verir ki, CNN-in peyk şəkilləri, xəritələr və hökumət məlumatlarının təhlilinə əsasən, 2020-ci ildən bəri Çin raket istehsalı ilə əlaqəli obyektlərini sürətlə genişləndirir. Məqsəd isə ABŞ Silahlı Qüvvələrini mümkün qədər çəkindirmək və regionda üstünlüyünü möhkəmləndirməkdir.

Nəşrin məlumatına görə, bu tarixi miqyaslı genişlənmə ABŞ-ın hərbi təchizat sahəsindəki problemləri ilə kəskin ziddiyyət təşkil edir.

CNN-in analizinə əsasən, Çinin raket istehsalı və ya ordunun raket qüvvələri ilə əlaqəli 136 obyektindən 60 faizdən çoxunda genişlənmə əlamətləri qeydə alınıb. Bu obyektlərə zavodlar, elmi-tədqiqat və sınaq mərkəzləri daxildir. 2020-ci ildən 2025-ci ilin sonuna qədər bu ərazilərdə tikinti sahəsi 2 milyon kvadratmetrdən çox artıb.

Peyk təsvirlərində yeni qüllələr, bunkerlər və silah istehsalı ilə bağlı infrastrukturlar görünür. Bəzi şəkillərdə hətta raketlərin detalları seçilir.

"Bu, özünü qlobal supergüc kimi mövqeləndirən Çindir. Biz yeni silahlanma yarışının başlanğıc mərhələsindəyik. Çin artıq sprint qaçışına başlayıb və marafona hazırlaşır", deyə "Pacific Forum"un baş elmi əməkdaşı və NATO-nun keçmiş silah nəzarəti direktoru Uilyam Alberke bildirib.

CNN yazır ki, 2012-ci ildə hakimiyyətə gələndən sonra Çin lideri Si Cinpin ölkənin silahlı qüvvələrini "dünya səviyyəli döyüş qüvvələrinə" çevirmək məqsədilə milyardlarla dollar dəyərində texnika alınması və modernləşdirmə proqramına sərmayə yatırıb.

Bu çərçivədə yaradılmış raket qoşunları Çinin sürətlə böyüyən nüvə və ballistik raket arsenalına nəzarət edən elitar hərbi qoldur. Si Cinpin onları "strateji çəkindirmənin nüvəsi" adlandırıb.

Hazırda Çinin raket istehsalı müəssisələri bütün hərbi bölmələrə silah tədarük edir və ölkənin aktiv hərbi personalı 2 milyondan çoxdur.

Hərbi analitiklərin fikrincə, CNN-in araşdırdığı genişləndirilmiş obyektlərdə istehsal edilən raketlər Çin tərəfindən Tayvanın hərbi yolla ələ keçirilməsi ssenarisində əsas rol oynaya bilər. Pekin Tayvanı öz ərazisi hesab edir.

Mütəxəssislər bildirirlər ki, bu raketlər ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgəyə yaxınlaşmasının qarşısını almağa yönələn Çin strategiyasının mərkəzi elementinə çevrilə bilər.

CNN qeyd edir ki, Çin raket istehsalını Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra daha da artırıb. Bu hadisə qlobal təhlükəsizlik sistemində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Peyk təsvirlərinin təhlili göstərir ki, Çin Ukraynadakı müharibədən sonrakı iki il ərzində raket istehsalının genişlənmə tempini demək olar ki, iki dəfə artırıb.

"Onlar Ukraynadakı hadisələri çox diqqətlə izləyirlər. İndi iki güclü ordunun ən müasir texnologiyalarla real döyüş apardığını görürlər və bu təcrübədən dərs çıxarırlar", deyə Alberke bildirib.

Ekspertlərə görə, Rusiyanın Ukraynaya hava hücumları göstərdi ki, mürəkkəb qərb hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağın ən təsirli yolu onları daha ucuz sursatlarla, o cümlədən pilotsuz uçuş aparatları ilə yükləməkdir. Bu, daha güclü ballistik raketlərin hədəfləri vurmasını asanlaşdırır.

Bu səbəbdən Çin həm ucuz, həm də yüksək dəqiqlikli raketlərin istehsalını artırmağa çalışır. Alberkenin sözlərinə görə, əvvəllər Çin Tayvan üzərində qələbə üçün 5–10 min raketin kifayət edəcəyini düşünürdüsə, Ukrayna müharibəsindən sonra bu rəqəm çoxqat artıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->