Antarktidanın ən cənubdakı aktiv vulkanı olan Erebus dağı alimlərin diqqətini çəkən qeyri-adi bir xüsusiyyətə malikdir - vulkan hər gün havaya mikroskopik qızıl hissəcikləri atır.
Qaynarinfo xəbər verir ki, "Daily Galaxy" nəşrinin məlumatına görə, tədqiqatçılar bu fenomenin səbəbini vulkanın yavaş püskürməsi ilə əlaqələndirirlər. Vulkan qazları qalxdıqca temperaturun azalması nəticəsində qızıl kristallaşır və toz şəklində xırda hissəciklər əmələ gəlir. Bu hissəciklər, diametri təxminən 20 mikrometr olan qızıl tozu şəklində, küləklə yüzlərlə kilometr məsafəyə yayılır.
Kolumbiya Universitetinin Lamont-Doherty Yer Rəsədxanasının tədqiqatçısı Konor Bekon bildirib ki, Erebusdakı daimi lava gölü bu unikal püskürmələrdə əsas rol oynayır. Onun sözlərinə görə, lava gölləri çox nadir təbiət hadisələridir, çünki onların yaranması üçün səthdə donmanın qarşısını alan xüsusi şərait tələb olunur. Bu, ərimiş materialın atmosferlə təmasda olmasına imkan yaradır.
Alimlərin hesablamalarına əsasən, Erebus vulkanının püskürtdüyü qızılın dəyəri təxminən gündə 6140 dollar təşkil edir. Bu məbləğ zamanla artsa da, hələlik iqtisadi baxımdan qızıl çıxarılmasını məqsədəuyğun etmir. Lakin bu kəşf gələcəkdə oxşar vulkanlarda qiymətli mineralların hasilatı imkanları barədə maraqlı suallar doğurur.
Erebusun coğrafi mövqeyi və ekstremal iqlim şəraiti burada hasilatı qeyri-mümkün etsə də, bu tapıntı qiymətli metalları əmələ gətirən geoloji proseslər haqqında yeni biliklər təqdim edir. Alimlərin fikrincə, vulkanik fəaliyyət qızıl qumunun yaranmasında mühüm təbii mənbə ola bilər.
Xatırladaq ki, qızılın dünya bazar qiyməti son dövrlərdə rekord həddə çataraq bir unsiya üçün 4000 dollara yüksəlib.
Aydın
Şərhlər