Təxminən iki həftədir ki, ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru Uilyam Nil MakKaslend axtarılır. Axtarışlara Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri də qoşulub.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə Nyu-Meksiko ştatının Bernalillo dairəsinin şerif ofisi məlumat verib.
68 yaşlı MakKaslend fevralın 27-də itkin düşüb. İstintaqın məlumatına görə, o, səhər saat təxminən 11:00-da Albukerkedəki evindən piyada çıxıb və o vaxtdan bəri ailəsi və dostları ilə əlaqə saxlamayıb. Onun mobil telefonu evdə qalıb.
Növbəti gün hakimiyyət orqanları "silver alert" adlanan xüsusi xəbərdarlıq elan edib. Bu bildiriş adətən mümkün tibbi problemləri olan itkin şəxslərin axtarışı zamanı istifadə olunur.
Genişmiqyaslı axtarış əməliyyatı
Hüquq-mühafizə orqanları genişmiqyaslı axtarış aparır, yerli sakinləri sorğu-sual edir və itkin düşən şəxsin yaşadığı əraziyə yaxın yerləri yoxlayır. Şerif ofisinin məlumatına görə, müstəntiqlər artıq həmin rayonda 600-dən çox ev sahibi ilə əlaqə saxlayıblar.
Axtarış əməliyyatına Albukerkedə yerləşən Kirtlend aviabazasının hərbçiləri də cəlb olunub.
Məxfi proqramlarda xidmət
ABŞ Hərbi Hava Qüvvələrində xidmət etdiyi dövrdə MakKaslend bir sıra mühüm vəzifələr tutub. O, ABŞ Müdafiə Nazirliyinin qlobal mövqeləndirmə sistemi (GPS) proqramının baş mühəndisi olub, həmçinin kosmik texnologiyalar və Pentaqonun xüsusi proqramları ilə bağlı strukturlarda çalışıb.
Bundan əlavə, o, Ohayo ştatındakı Rayt-Patterson aviabazasında yerləşən Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasına komandanlıq edib. Bu baza 1947-ci ildə Rozvell yaxınlığında baş verdiyi iddia olunan hadisə ilə bağlı müxtəlif sui-qəsd nəzəriyyələrində tez-tez xatırlanır. Bununla belə, ABŞ hərbçiləri dəfələrlə yadplanetli texnologiyalara dair hər hansı sübutun olmadığını bildiriblər.
Təqaüddən sonrakı fəaliyyəti
Xidməti başa vurduqdan sonra MakKaslend "To the Stars” şirkətində çalışıb. Bu təşkilatın həmtəsisçilərindən biri "Blink-182” qrupunun musiqiçisi Tom Delonqdur. Təşkilat naməlum hava hadisələrinin araşdırılması ilə məşğul olur.
ABŞ Müdafiə Nazirliyinin keçmiş kəşfiyyat zabiti Luis Elizondo itkin düşmənin səbəbləri barədə tələsik nəticələr çıxarmamağa çağırıb: "Ümid edirəm və dua edirəm ki, o, sağ-salamat tapılacaq. Hüquq-mühafizə orqanlarına araşdırmanı aparmaq üçün vaxt verilməlidir".
Ailənin açıqlaması
İtkin düşən şəxsin həyat yoldaşı Syuzan MakKaslend Vilkerson bildirib ki, onun əri demensiyadan əziyyət çəkmir və yoxa çıxmazdan əvvəl dezoriyentasiya olunmuş vəziyyətdə olmayıb.
Onun sözlərinə görə, axtarışlara artıq onlarla könüllü cəlb edilib. Həmçinin əməliyyatda atlı qruplar, helikopterlər, dronlar və axtarış itləri iştirak edir.
Hüquq-mühafizə orqanları hazırda cinayət əlamətləri aşkar etmədiklərini, lakin itkin düşmə ilə bağlı bütün mümkün versiyaların yoxlanıldığını bildiriblər.
Aydın
Şərhlər