Xəbər lenti

BRICS-ə niyə üzv oluruq və bu, bizə nə verəcək? (ŞƏRH)
Siyasət 12:34 21.08.2024

BRICS-ə niyə üzv oluruq və bu, bizə nə verəcək? (ŞƏRH)

"Azərbaycanın BRICS-ə üzv olmaq niyyəti loqistik dəhlizlərin mərkəzinə çevrilmək arzusundan qaynaqlanır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın BRICS-ə üzvlük üçün rəsmi olaraq müraciət etməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, BRICS nə siyasi, nə də hərbi təşkilat deyil. Onun siyasi və hərbi institutları yoxdur:

"Sırf iqtisadi təşkilatdır və əsas hədəflərinə BRICS-ə üzv olan ölkələrin qarşılıqlı investisiyaların qorunması, qarşılıqlı ticarətdə güzəştli tariflərlə ticarət, yeni nəqliyyat dəhlizləri kimi məsələlər daxildir. Amma məsələ ondadır ki, quruma daxil olan böyük ölkələrin - Çin, Hindistan, Braziliya, CAR-ın Avropa İttifaqı və ABŞ-la ümumi ticarət dövriyyəsi 3 trilyon dollardır. Bu isə o deməkdir ki, BRICS-in aparıcı 5 ölkəsindən 4-nün əsas ticarət tərərdaşları Avropa İttifaqı ilə ABŞ-dır. Azərbaycanın da əsas ticarət tərəfdaşı Aİ ölkələridir. Ölkəmizin ixracatının böyük hissəsi Aİ ölkələrinə yönəlib. Azərbaycana qoyulan investisiyaların da mühüm hissəsi Aİ ölkələri və ABŞ tərəfindən yatırılıb".
 


Ekspertin fikrincə, Azərbaycanın BRISC-ə müraciət etməsinin əsas səbəbi gələcək loqistik dəhlizlərin mərkəzinə çevrilmək istəyidir:

"Ölkəmizin BRICS-ə üzv olması əsasən loqistika məsələlərilə bağlıdır. Çünki Çin və Hindistanın da marağında olduğu yeni dəhlizlər, Orta Dəhliz, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin mərkəzində yer alan ölkə məhz Azərbaycandır. Çin və Hindistanın isə bu dəhlizlərdə mühüm maraqları var. BRICS-ə üzvlüyümüz Azərbaycana ziyan gətirməyəcək. Əgər münasibətləri doğru düzgün qura bilsək, BRICS Azərbaycana əlavə investisiyaların cəlb olunmasına şərait yaradan təşkilata da çevrilə bilər. Bu mənada ora üzvlüyümüzün risqləri də yox dərəcəsindədir". 

Qeyd edək ki, Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. 

BRICS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub. Daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata üzv olub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib, onlardan biri də Azərbaycandır. 
 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->