18 iyul tarixində ABŞ-ın Minnesota ştatından Şimali Dakotadakı Maynot şəhərinə uçan "SkyWest Airlines" şirkətinə məxsus "Delta Connection" reysi az qala hərbi "B-52 Stratofortress" bombardmançısı ilə havada toqquşacaqmış.
Qaynarinfo xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, təyyarənin pilotu son anda kəskin dönüş edərək qəzanın qarşısını alıb.
Hadisə Embraer E175 tipli sərnişin təyyarəsinin Maynot Hərbi Hava Bazası yaxınlığında enişə hazırlaşdığı vaxt baş verib. Pilot, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus nəhəng bombardmançının təhlükəli şəkildə yaxınlaşdığını görərək dərhal kursdan çıxıb.
Sərnişinlərdən Monika Qrin hadisə anını belə xatırlayıb:
"Çox kəskin dönüş etdik və pilot daxili rabitə sistemindən səslənərək dedi: "Hər kəsdən üzr istəyirəm, eniş etdikdən sonra hər şeyi izah edəcəyəm".
Gərginliyə baxmayaraq, sərnişinlər arasında panika yaşanmayıb. Qrin əlavə edib:
"Bir təhlükə hiss olunurdu, amma heç kim qışqırmadı. Hamı sadəcə bir-birinə baxdı və susdu".
Təhlükəsiz enişdən sonra pilot vəziyyəti izah edərək bildirib ki, hərbi hava fəaliyyəti barədə əvvəlcədən heç bir xəbərdarlıq verilməyib. Bu isə, hava bazasının yaxınlığında eniş edərkən olduqca qeyri-adi hal sayılır. Onun sözlərinə görə, ən təhlükəsiz qərar kursu dəyişib bombardmançının arxasınca uçmaq olub.
Qrin deyib:
"O, sözlərini seçməkdə çətinlik çəkirdi, az qala titrəyirdi. Amma həm mehriban, həm də soyuqqanlı idi. Sevindirici haldır ki, şirkət bu hadisəni gizlətməyə çalışmadı".
"SkyWest Airlines" hadisəni təsdiqləyərək bildirib ki, 3788 saylı reys təhlükəsiz eniş edib, lakin insident araşdırılır:
"Eniş zamanı pilotumuzun trayektoriyasında başqa bir təyyarə aşkarlandığı üçün ikinci cəhdə keçmək qərarına gəlib. Hazırda məsələ araşdırılır"
Bu insident, mülki və hərbi aviasiya arasında koordinasiyanın nə qədər önəmli olduğunu bir daha gündəmə gətirib.
Aydın
Şərhlər