Çində son illərdə kəskin şəkildə aşağı düşən doğum göstəriciləri Pekin rəhbərliyinin ən çox narahat olduğu məsələlərdən biri olaraq qalır. Ölkədə 1979-cu ildən tətbiq edilən sərt "tək uşaq siyasəti” son 10 ildə mərhələli şəkildə yumşaldılıb. Lakin uşaq sahibi olmağı təşviq edən yeni siyasətlərə baxmayaraq, doğum səviyyəsi həyəcanverici dərəcədə aşağı olaraq qalır.
Qaynarinfo xəbər verir ki, "tək uşaq siyasəti” insanlıq tarixində tətbiq edilmiş ən qeyri-adi demoqrafik siyasətlərdən biri kimi qiymətləndirilir. Xüsusilə informasiya axınının bugünkü qədər sürətli olmadığı 2000-ci illərin əvvəllərində bu siyasət beynəlxalq ictimaiyyətdə böyük təəccüb doğururdu. Geniş ailə modelinin geniş yayıldığı Şərqi Asiya ölkəsi olan Çində ailələrin uşaq sayının dövlət tərəfindən məhdudlaşdırılması diqqət mərkəzində idi.
Ötən il Çində tarixdə qeydə alınmış ən aşağı doğum göstəricisi müşahidə edilib. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan ölkə üçün bu vəziyyət yaxın illərdə ciddi sosial-iqtisadi problemlərə yol aça bilər.
"CNN International”ın məlumatına görə, Çin Milli Statistika Bürosu ötən il ölkədə doğum səviyyəsinin hər min nəfərə 5,63 olduğunu açıqlayıb. Bu göstərici 2023-cü ildə qeydə alınmış və o vaxta qədər ən aşağı səviyyə hesab edilən hər min nəfərə 6,39 göstəricisindən də aşağıdır. Belə görünür ki, 2016-cı ildən bəri davam edən azalma 2025-ci ildə də dayanmayıb.
İqtisadi göstəricilərə gəldikdə isə mənzərə nisbətən müsbətdir. Hökumətin müəyyən etdiyi 5 faiz iqtisadi artım hədəfinə nail olunub və Çin iqtisadiyyatı 2025-ci ildə məhz 5 faiz böyüyüb.
Bununla belə, iqtisadi hədəflərin yerinə yetirilməsi 2016-cı ildə "tək uşaq siyasəti”nin yumşaldılmasının vətəndaşları uşaq sahibi olmağa təşviq etmədiyini göstərir. Rəsmi məlumatlara əsasən, ötən il Çində 11 milyon 310 min nəfər vəfat edib, dünyaya gələn körpələrin sayı isə 7 milyon 920 min olub. Nəticədə əhali 3 milyon 390 min nəfər azalıb.
Çinin dəyişən demoqrafik strukturu Pekin tərəfindən ciddi çağırış kimi qiymətləndirilir. Çünki əmək bazarına daxil olan əhali azalır, pensiya alan yaşlıların sayı isə artır.
"Tək uşaq siyasəti" təxminən 40 il davam etdi
Çin artan əhalini nəzarətdə saxlamaq məqsədilə 1979–2016-cı illər arasında, yəni 37 il ərzində ailələrə yalnız bir uşaq sahibi olmağa icazə verib. Çin Kommunist Partiyasının rəhbərliyi 1978-ci ildə bu yanaşmanı belə ifadə etmişdi: "Bir uşaq daha yaxşıdır, maksimum iki, o da üç il fasilə ilə".
Siyasət 1980-ci ildə rəsmi dövlət proqramına çevrilib. Şəhər ev təsərrüfatları araşdırmasına əsasən, 1982-ci ildə böyük şəhərlərdə yaşayan ailələrin 96 faizi yalnız bir uşağa sahib idi.
Qaydalara əməl etməyənlərə tətbiq olunan cərimələr və sanksiyalar nəticəsində bir vaxtlar dünyanın ən çox əhalisi olan ölkəsində doğum tempi kəskin şəkildə zəiflədi və zamanla bu siyasət özü problemə çevrilib. Əhali piramidasının tərsinə çevrilməsi fonunda Pekin rəhbərliyi 2016-cı ildə siyasətə son qoyaraq, "əhalinin inkişafını tarazlamaq və yaşlanan cəmiyyətə diqqət çəkmək” məqsədilə bəzi hallarda iki uşağa icazə verib. Lakin bu dəyişiklik də gözlənilən effekti yaratmayıb.
Siyasətin tətbiq edildiyi dövrdə abortlar, tərk edilmiş və ya şəxsiyyət vəsiqəsi olmadan yaşayan uşaqlarla bağlı çoxsaylı dramatik hadisələr yaşanıb. Bu prosesdə əsasən oğlan uşağı istəyən ailələrin qız övladları zərər görüb. Həmin illərdə valideynlərə körpənin cinsiyyəti barədə məlumat da verilmirdi. Nəticədə "kiçik şahzadələr və şahzadəciklər” adlandırılan tək uşaq nəsli formalaşıb. Çin iqtisadiyyatı orta hesabla 10 faiz böyüyərkən bu nəsil yetkinlik yaşına çatıb.
İndi isə heç kim uşaq sahibi olmaq istəmir
53 yaşlı Ma Li 24 yaşlı bir qız anasıdır. O, "El Pais” qəzetinə verdiyi müsahibədə qızını müstəqil və güclü bir şəxsiyyət kimi böyütdüyünü bildirib. Ma Li doğum nəzarətinin geniş yayıldığı dövrdə özü də milyonlarla qadın kimi uşaqlıq daxili spiral vasitəsilə qorunduğunu deyib. Bu qərarı könüllü aldığını bildirsə də, insan haqları təşkilatları spiralların bir çox hallarda inzibati təzyiq yolu ilə tətbiq edildiyini sənədləşdirib.
Ma Li qeyd edib ki, imkan olsa idi, daha çox uşaq sahibi olmaq istərdi. Onun sözlərinə görə, hər dövrün öz məntiqi var. İndi isə heç kim uşaq istəmir, hətta evlənmək belə istəməyənlər çoxdur.
Kənd yerlərində isə qaydalar hər zaman eyni sərtliklə tətbiq olunmayıb. Uzaqlıq, əmək ehtiyacı və demoqrafik reallıqlar səbəbindən bəzi bölgələrdə siyasət daha yumşaq icra edilib. Bir çox kənddə uşaqların gec qeydiyyata alınması və ya qeydə düşməyən doğumlar yerli səviyyədə görməzdən gəlinib.
Sıçuan əyalətində yaşayan 49 yaşlı Mey "El Pais”ə açıqlamasında bildirib ki, kənd yerlərində insanlar doğum nəzarətinin səbəblərini anlaya bilmirdi. O, qızından sonra doğulan oğlunu bacısının ailə qeydiyyatına saldıqlarını və yalnız 2015-ci ildə bu vəziyyəti rəsmiləşdirdiklərini söyləyib. Mey vurğulayıb ki, 2003-cü ildə ödəyəcəkləri cərimə ilə 2015-ci ildə ödədikləri məbləğ müqayisə edilə bilməzdi.
Meyə görə, əvvəllər uşaq böyütmək üçün sadəcə yeməyin olması kifayət idi. Bu gün isə aşağı maaşlar, yüksək stress və ev işlərinin bərabər bölüşdürülməməsi doğum səviyyəsinin azalmasının əsas səbəbləridir.
Üç uşağa qədər icazə var, amma azalma davam edir
Çində 2021-ci ildə ailələrə üç uşağa qədər icazə verilməsinə baxmayaraq, doğum göstəriciləri sürətlə enməyə davam edir. Dünya Bankının məlumatına görə, ölkədə qadın başına düşən uşaq sayı 1-dir ki, bu da dünyada ən aşağı səviyyələrdən biridir. Demoqraflar əhalinin azalmasının dayanması üçün bu göstəricinin 2,1 olması gərəkdiyini bildirirlər.
Çin əhalisi 2022-ci ildə 1960-cı illərdən bəri ilk dəfə azalıb. 2023-cü ildə isə Hindistan dünyanın ən çox əhalisi olan ölkəsi kimi Çini geridə qoyub. "Birləşmiş Millətlər Təşkilatı”nın proqnozlarına görə, hazırda 1,4 milyard olan Çin əhalisi 2100-cü ilə qədər 633 milyona enə bilər.
Milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir
Bu vəziyyət ölkədə milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilir. Çin Xalq Respublikasının sədri Si Szinpin 2023-cü ildə çıxışında bildirib ki, böyük güclərin yüksəlişi və süqutu əhali amillərindən birbaşa asılıdır və demoqrafik təhlükəsizlik milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olmalıdır.
Rəsmi qurumlar yeni "evlilik və valideynlik mədəniyyəti”ni təşviq etməyə çalışır. Daha uzun analıq və atalığa görə məzuniyyətlər, vergi güzəştləri, kütləvi toy mərasimləri və nikah prosedurlarının sadələşdirilməsi bu siyasətin əsas elementlərindəndir. Bundan əlavə, 3 yaşadək hər uşaq üçün illik 3 min 600 yuan məbləğində yardım proqramı təsdiqlənib.
Viskonsin-Medison Universitetinin tədqiqatçısı, "Boş yuvalı böyük ölkə” kitabının müəllifi Yi Fusyan doğum səviyyəsindəki enişi dağdan aşağı yuvarlanan böyük qayaya bənzədərək bildirib ki, bu prosesi geri çevirmək son dərəcə çətindir. Onun sözlərinə görə, Çin "tək uşaq siyasəti” ilə bu prosesi daha da sürətləndirib və hökumətin səylərinə baxmayaraq, doğum artımını bərpa etmək asan olmayacaq.
Aydın
Şərhlər