Ballıca sakini: Elə sevinirik ki, yenidən öz yurdumuza qayıtdıq (VİDEO)
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Ballıca kəndinə səfər edilib.
Ballıca kəndi Xocalı şəhər mərkəzindən təxminən 10 kilometrdən bir qədər artıq məsafədə yerləşir. Ərazi əvvəllər yaylaq kimi istifadə olunub.
XIX əsrdən etibarən burada daimi yaşayış formalaşıb, kənd tədricən böyüyüb. İşğaldan əvvəl Ballıcada təxminən 1 100 nəfər əhali yaşayırdı. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan sakinlər bu gün doğma torpaqlarına qayıdaraq yenidən öz evlərində həyat qururlar.
Onlar bildirirlər ki, əvvəllər bir evdə toplaşar, yemək bişirər, çay dəmləyər və saatlarla söhbət edərdilər. İndi isə həmin ənənə yenidən bərpa olunub. Çünki artıq ev də var, ocaq da var, bir araya gəlməyə yer də var. Ballıca sakinlərindən biri qayıdışın onun üçün mənəvi dəyərini belə ifadə edib:
"Atam özü bu günü görməsə də, ruhu buradadır. Elə sevinirik ki, yenidən öz yurdumuza, öz yerimizə qayıtdıq".
Veriliş çərçivəsində kəndin tarixi və təbiəti ilə bağlı da məlumat verilib. Sakin Teymur müəllim kəndin məşhur Damcılı bulağı haqqında danışıb.
Onun sözlərinə görə, vaxtilə kənddə su xətləri az olduğundan əhali əsasən təbii bulaqlardan istifadə edirdi. Qohum-əqrəba, kənd sakinləri su ehtiyacını məhz bu bulaqdan qarşılayırdı.
Teymur müəllim bildirib ki, Ballıcanın torpağı olduqca münbit olub, burada yetişən meyvə və bitkilər xüsusi dadı ilə seçilib. Kənddə arıçılıq geniş yayılıb, istehsal olunan bal isə suyun və təbiətin keyfiyyətinə görə xüsusilə dadlı olub.
O, həmçinin qeyd edib ki, Damcılı bulağının suyu yay aylarında da sərin olur. Hətta 40 dərəcə isti havada belə bulağın ətrafında insan sərinlik hiss edir. Damcılayan su mənzərəsi isə kənd sakinləri tərəfindən təbiətin bir möcüzəsi kimi dəyərləndirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər