Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin sayının azalması ilə bağlı statistika paylaşılıb. Həmin statistikaya görə, 2022-2023-cü tədris ilində 151 min 634, 2023-2024-cü tədris ilində 150 min 868 nəfər müəllim işləyib. 2024-2025-ci tədris ilində isə müəllimlərin sayı 146 min 381 nəfər olub. Bu azalma müəllimlərin nüfuzunun aşağı düşməsi ilə əlaqələndirilib.
Müəllimlərin sayı niyə azalır?
Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə paylaşılan bu statistika müəllimlik peşəsinin nüfuzunun azalması kimi qəbul edilir:
"Bu fikirlərlə qəti razı deyiləm. Hətta mən bu fikirləri məntiqsiz hesab edirəm. Bu, ümumi dəyərləndirmədir. Hər bir cəmiyyətdə müxtəlif istiqamətlərlə, peşə və ixtisaslarla bağlı əmək bazarının tələb-təklif prinsipi olur. Azərbaycanda müəllimlik ixtisaslarını tədris edən universitetlərin sayı çoxdur. 20 universitetdə illərdir ki, müəllimlik tədris olunur, bunların hər biri 4 ildən sonra əmək bazarına inteqrasiya olunur. Əmək bazarının da özünə görə bəlli tələbləri var. Azərbaycanda ümumi götürəndə 4532 orta, 32 özəl tədrus müəssisəsi var. Doğrudur, təhsillə əlaqəli müxtəlif təyinatlı məktəblər də var. Amma onların sayını nəzərə alanda 500-ə çatmaz".
Elmin Nuri xatırladıb ki, Azərbaycanda müəllim kontingenti həddindən artıq çoxdur:
"Hazırda əlində müəllimlik diplomu olan minlərlə adam var ki özünə iş tapa bilmir. Amma statistika göstərir ki, müəllimlərin sayında azalma var. 2022-2023-cü tədris ilində 151 min 634, 2023-2024-cü tədris ilində 150 min 868-dir. Bunu niyə ayrı yerə yozurlar? Baxıram, hətta bunu sosial şəbəkələrdə müəllimlərin özləri paylaşır və yazır: bu nədir, getdikcə daha da azalacaq. Adam əsəbiləşir. Yadınızdadırsa, bir müddət əvvəl belə bir məlumat getmişdi ki, şagird sayı 100-dən aşağı olan məktəblərin çoxu bağlanacaq və onlar vahid bir məktəb şəkilində birləşəcək. Bu da müəllimlərin ixtisarına gətirib çıxardacaq. Məktəblərin sayı artmadığı halda müəllimlərin sayı necə arta bilər? Hər bir məktəbin şagirdə görə müəllim sayı olur. Əgər bir məktəbə 50 müəllim lazımdırsa, ora 150 müəllim yerləşdirə bilmərik".
Elmin Nuri vurğulayıb ki, bu gün müəllim ixtisası yalnız məktəblə məhdudlaşmamlıdır:
"Xüsusi proqramlar olmalı, ora müəllimlər cəlb edilməlidir, aztəminatlı ailələrin övladları üçün qruplar təşkil olunur və həmin qruplara müəllimlər cəlb olunur. Müəllim üçün nə fərqi, aylıq maaşı məktəbdə işləyərək alsın, yoxsa bu kimi layihələrdə işləyərək. Biz alternativlərin sayını artırmalıyıq. Bu say artdıqca kəmiyyət göstəriciləri də artacaq".
Bahar Rüstəmli
Şərhlər