Xəbər lenti

Azərbaycanda cütlük insanların
Ölkə 13:54 10.04.2025

Azərbaycanda cütlük insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satıb

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını qanunsuz olaraq izləyən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini 2000-ci il təvəllüdlü M.Məcidov və yaşıdı Qazax sakini S.İbrahimovaya Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, M.Məcidov informasiya texnologiyaları sahəsində çalışıb və bir müddət əvvəl həmin qadınla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıb. Onlar "Instagram" sosial şəbəkəsində "Günay Ağayeva" adlı səhifə yaradaraq "WhatsApp" yazışmalarının izlənməsi və şifrələnmənin qırılması xidmətləri təklif ediblər.

Bundan sonra həmin şəxslər çoxsaylı müraciətlər alıblar. Vətəndaşlar "WhatsApp" yazışmalarını izləmək istədikləri şəxslərin nömrələrini saxta səhifəyə göndərərək xidmətə maraq göstəriblər və onlar üçün əhəmiyyət kəsb edən şəxslərin mobil nömrələrini səhifəyə yazıblar. Cütlük də kart nömrəsi göndərərək pul müqabilində bu xidməti göstəriblər.

Onlar bir nömrə ilə iki telefonda "WhatsApp" proqramının yüklənməsi və digər texnoloji addımlarla tanımadıqları şəxslərin şəxsi həyatına dair yazışmaları müxtəlif qiymətlərə "müştəri”lərə satıblar.

Lakin daha sonra sevgililər bəzi "müştəri”ləri şantaj etməyə başlayıb. Cütlük vətəndaşların şəxsi yazışmalarını izlədiklərini deyəcəkləri hədəsi ilə eyni adamlardan yenidən pul tələb edərək almağa başlayıblar. Bu yolla qadınla kişi bir neçə vətəndaşdan 200, 400 və sair məbləğlərdə pulu hədə-qorxu yolu ilə alaraq ələ keçiriblər.

Şantaj olunduqlarını görən vətəndaşlar daha sonra polisə müraciət ediblər və cinayət işi açılıb.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə təqsirləndirilən şəxslər etdikləri əməlin cinayət olduğunu bilmədiklərini deyiblər. Məhkəmənin hökmü ilə hər iki şəxsə 5 il həbs cəzası verilib. Ev dustaqlığında saxlanılan M.Məcidov aprelin 3-də məhkəmə zalındaca həbs edilib. S.İbrahimova​nın cəzasının icrası isə öhdəliyindəki azyaşlı uşaqların yetkinlik yaşına çatmasınadək təxirə salınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->