Xəbər lenti

Astana görüşü Əsədi xilas edəcəkmi? (ŞƏRH)
Dünya 14:17 07.12.2024

Astana görüşü Əsədi xilas edəcəkmi? (ŞƏRH)

"Astanada Türkiyə, Rusiya və İran arasında əldə edilən müəyyən razılaşmalar veriləcək qərarlarda nəzərə alınacaq. Çünki ortada böyük bir hərbi uğur var". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyə və İrandan olan həmkarları - Hakan Fidan və Abbas Əraqçi ilə Suriyadakı son durumu müzakirə edəcəklərilə bağlı bəyanatını şərh edərkən deyib. 

Ekspertin fikrincə, Astana formatı kontekstində üçlüyün yığışması Lavrovun dediyi kimi, heç də suriyalıları barışdırmaq məqsədi daşımır:

"Belə olsaydı, indiyə kimi bu mümkün olardı. Suriyadakı indiki vəziyyət özünün geosiyasi mövqelərini itirmək təhlükəsilə üzləşən Rusiya və İranı daha çox narahat edir. Moskva ilə Tehran məsələni Türkiyə ilə müzakirə etməklə özlərinin geosiyasi mənada maraqlarını təmin etmək istəyir. Burada Əsəd rejiminin hakimiyyətdə qalacağı təqdirində, müxalifətlə bu kontekstdə danışıqlardan söhbət gedir. İndi həm cənub, həm də şimal istiqamətindən müxalifətin Dəməşqə yürüşü hazırlanır".
 


Politoloq düşünür ki, Əsədin hakimyyəti təhvil verməkdən başqa seçimi yoxdur: 

"İranın da müxalifətə qarşı ciddi dirəniş qoya biləcəyini zənn etmirəm. Onun və Rusiyanın buradakı qüvvələri çox məhduddur. Əsədin Ərdoğanla görüşünə imkan verməyən tərəf də Tehran idi. Bu mənada İranın həmin davranışı Moskvanı da qıcıqlandırıb. Ona görə də Rusiya Əsədin opponentlərinə qarşı ciddi mənada havadan bombardmanlar həyata keçirmir. Bunlar olmadan isə Əsəd rejiminin xilası da mümkün deyil. Bütün əşirətlər yaranmış vəziyyətdən istifadə edərək, hər yerdə Əsəd qüvvələrini vurmağa başlayıblar"

Natiq Mirinin fikrincə, ola bilsin ki, müxaliflər Dəməşqə çatmamış paytaxtın özündə Əsəd rejimi devrilsin: 

"Astana formatında özünün geosiyasi maraqlarını xilas etməyə çalışan Tehran və Moskva gecikiblər. Ancaq hər bir halda Rusiyanın İrandan fərqli olaraq öz mövqelərini qorumaq imkanları var. Moskvanın Türkiyə vasitəsilə müxalif qüvvələrlə danışmaq imkanları mövcuddur. Belə olduqda, Tartus limanı və Latakiyadakı rus hərbi bazalarının qorunması kontekstində Rusiya Əsədin devrilməsinə göz yuma bilər. Moskvanın davranışlarında artıq bu da hiss olunur. Digər tərəfdən, İranın Əsədin Ərdoğanla görüşünə imkan verməməsi ilə Astana danışıqlarının perspektivi də azalıb. Hətta Astanada müəyyən razılaşmalar olsa da, dəyişən status-kvo mütləq mənada veriləcək qərarlarda nəzərə alınacaq. Çünki ortada böyük bir hərbi uğur var. Türkiyə də bu masada güclü mövqedən çıxış edəcək".

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyə XİN başçısı Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçi ilə Suriyadakı son vəziyyəti müzakirə edəcəyini bildirib. Jurnalistlərə açıqlama verən Lavrov 2019 və 2020-ci illərdə Astana danışıqları çərçivəsində əldə olunan razılaşmaları xatırladıb. O, Türkiyə, Rusiya və İran arasında bu danışıqların müntəzəm olaraq davam etdiyini bildirib. Qeyd edib ki, məqsəd suriyalıların bir-biri ilə barışmasını təmin etməkdir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->