Asiya ilə Afrika arasındakı tektonik sərhəd tədricən bir-birindən uzaqlaşır. Yeni məlumatlar göstərir ki, iki qitənin sərhədindəki tektonik çat yavaş, lakin davamlı şəkildə genişlənir.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" yazır.
Hərəkət Süveyş körfəzində – materik Misirlə Sina yarımadası arasında uzanan dar dəniz zolağı boyunca yerləşən dərin yer qabığı çatında baş verir. Bu çat, təxminən 25 milyon il əvvəl Ərəbistan və Afrika tektonik plitələrini ayıran Böyük Qırmızı dəniz riftinin şimal hissəsini təşkil edir.
"Geophysical Research Letters" jurnalında dərc edilən yeni araşdırma göstərir ki, əvvəllər qeyri-aktiv və "uğursuz” hesab olunan bu rift gözləniləndən daha fəaldır. Süveyş riftinin formasını və bu gün dəniz səviyyəsindən yuxarı qalxmış qədim mərcan riflərinin yerləşməsini araşdıran alimlər müəyyən edib ki, burada yer qabığı ildə təxminən 0,55 millimetr sürətlə genişlənməkdə davam edir.
Tədqiqatçılar hesab edir ki, bu nəticələr geoloji riftlər haqqında qəbul edilmiş təsəvvürləri yenidən dəyərləndirməyə məcbur edə bilər. Onların fikrincə, riftlər sadəcə "aktiv” və ya "passiv” olmur. Onlar müxtəlif aktivlik səviyyələri arasında keçid edə, uzun müddət sakit qaldıqdan sonra isə yenidən zəif hərəkətlənə bilərlər.
"Tədqiqat göstərir ki, genişlənməyə davam edən Süveyş rifti yanlış təyin edilmiş riftlər kateqoriyasına uyğun gəlmir. Bu, onun aktiv tektonik sərhədə yaxınlığı ilə bağlı ola bilər. Nəticələr, dünyada qeyri-aktiv hesab edilən riftlərin yenidən qiymətləndirilməsinin vacibliyini ortaya qoyur və göstərir ki, daxili quru riftlərinin inkişafı yavaşlamalarla müşayiət oluna bilər”, deyə alimlər bildirir.
Mütəxəssislərin vurğuladığına görə, Süveyş riftindəki bu zəif hərəkətlər yaxın zamanlarda Asiya ilə Afrikanın qopmasına səbəb olmayacaq. Tektonik plitələrin hərəkəti mürəkkəb prosesdir və milyonlarla il ərzində inkişaf edən çoxsaylı xırda sürüşmələrdən ibarətdir. Lakin bölgənin digər hissələrində tektonik qüvvələr gələcəkdə böyük kontinent ayrılmalarına zəmin hazırlaya bilər.
Süveyş körfəzinə yaxın ərazilərdə dünyanın ən böyük rift sistemlərindən biri olan Şərqi Afrika riftinin geniş fəaliyyəti müşahidə olunur. Bu rift Efiopiya, Keniya, Konqo Demokratik Respublikası, Uqanda, Ruanda, Burundi, Zambiya, Tanzaniya, Malavi və Mozambikdən keçərək uzanır.
Çoxsaylı məlumatlar göstərir ki, bu proses Somaliyə aid tektonik plitənin daha böyük Nubiya plitəsindən ayrılmasına və yaranan boşluqda yeni dənizin formalaşmasına gətirib çıxara bilər. Bu isə Şərqi Afrikanın qitənin digər hissəsindən ayrılması deməkdir.
Bunun baş verməsi üçün isə hələ milyonlarla il tələb olunur. Lakin Süveyş və Şərqi Afrika riftləri göstərir ki, Yer sabit və dəyişməz bir daş kürəsi deyil. İnsan baxışından planetimizin səthi hərəkətsiz görünə bilər, lakin o, fasiləsiz və sezilməyən şəkildə dəyişir.
Aydın
Şərhlər