Xəbər lenti

Ankara-Tehran yaxınlaşması nə vəd edir? (ŞƏRH)
Dünya 12:27 22.07.2025

Ankara-Tehran yaxınlaşması nə vəd edir? (ŞƏRH)

"İran və Türkiyə Xarici İşlər Nazirliklərinin son zamanlar konfidisial formatda keçirdikləri görüşlər bölgənin iki əsas müsəlman ölkəsinin regional maraqlarının uzlaşdırılması baxımından təbii və zəruri addım kimi dəyərləndirilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Türkiyənin xarici işlər naziri Hakan Fidanla onun iranlı həmkarı Abbas Əraqçi arasındakı telefon danışığını şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, hər iki ölkə Yaxın Şərqdə ciddi geosiyasi mövqeyə malikdir və hərbi, diplomatik və ideoloji baxımdan təsir dairələrini qorumağa çalışırlar:

"İran, son aylarda İsrail və ABŞ ilə qarşıdurmada sərgilədiyi hərbi mövqe ilə ciddi mesajlar verdi. Balistik raket sistemləri vasitəsilə aviasiya üstünlüyünü müəyyən mənada tarazlaya biləcəyini nümayiş etdirdi. Bununla belə, Tehranın son davranışları göstərdi ki, İran artıq daha "pozitiv müdafiə" anlayışına keçmək niyyətindədir, yəni birbaşa toqquşmadan çox, bölgədə mövqelərini strateji razılaşmalar və nüfuz dairəsi qurmaqla qorumaq istəyir".
 


Ekspert düşünür ki, Suriyadan İranın sıxışdırılaraq çıxarılması, gözlənildiyi kimi ölkədə sabitliyin tam bərqərar olunmasına gətirmədi:

"Suriya hökuməti hazırda ölkənin yalnız müəyyən hissəsinə effektiv nəzarət edə bilir. Mərkəzi hakimiyyətin zəifliyi onun cəmiyyətin yalnız bir qismini təmsil etməsi ilə bağlıdır. Bu isə ölkədə ümummilli konsensusun və "milyonlaşmanın" - yəni bütün cəmiyyət təbəqələrinin əhatə olunduğu milli birliyin vacibliyini ortaya qoyur. Hazırda Suriyanın gələcəyi ilə bağlı iki əsas güc-İsrail və ABŞ-qeyri-rəsmi şəkildə federallaşma modelini dəstəkləyirlər. ABŞ bunu açıq şəkildə dilə gətirməsə də, yerli idarəetmənin gücləndirilməsi, xüsusilə kürd və druz bölgələrində yerli strukturlaşmanın təşviqi, bu niyyətin göstəricisidir. Əgər Suriya federallaşma istiqamətində gedərsə, bu, növbəti mərhələdə İran və Türkiyənin də bölgədəki maraqlarına toxunacaq və onları yeni qərarlar verməyə vadar edəcək".

Həmsöhbətimiz hesab edir ki, İran hal-hazırda Suriyada "latent mərhələyə" keçib, yəni açıq şəkildə deyil, dolayı vasitələrlə mövcudluğunu qoruyur: "Gələcəkdə, vəziyyət dəyişərsə, Tehran yenidən bölgəyə açıq şəkildə qayıda bilər”. 

Azər Hüseynov deyir ki, bu halda Türkiyə də İranın qayıdışına müəyyən mənada razı ola bilər:

"Çünki bölgədə İsrailin geosiyasi planlarını tarazlaşdırmaq üçün İran alternativ və funksional bir amil olaraq qalır. Əgər Türkiyə İsrailin bölgədəki təsirinin balanssız hal alacağını hiss edərsə, İranın yenidən oyuna daxil olmasını, heç olmasa dolaylı şəkildə, dəstəkləyə bilər". 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın XİN rəhbəri Abbas Əraqçi arasında telefon danışığı olub. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, tərəflər Qəzzada humanitar vəziyyyəti və Suriyadakı son hadisələri müzakirə ediblər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->