Xəbər lenti

Ölkə 13:34 06.04.2026

"AKİ ilə bağlı təkliflər mətbuatda yox, qurultayda müzakirə olunmalıdır" - Baba Vəziroğlu

"Kinematoqrafçılar İttifaqı ilə bağlı qaldırılan məsələlər və irəli sürülən təkliflər katiblikdə və qurultayda müzakirə olunur. Belə məsələlər mətbuatda və saytlarda müzakirə olunmamalıdır. Kimin təklifi varsa, onu qurultaya saxlasın".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin katibi Baba Vəziroğlu Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun qurumun İdarə Heyətinin üzvlərinin sayının azaldılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. 

O, İdarə Heyətinin üzvlərinin sonuncu qurultayda seçildiyini xatırladıb:

"Qurultayda ittifaqın bütün üzvləri təklif verə bilər - ya qəbul olunacaq, ya da olunmayacaq. Biz hazırda bu məsələləri müzakirə etmirik, bunu düzgün saymırıq. Hələ Rasim Balayevin qəbri yaşdır, torpağı qurumayıb".
 


Baba Vəziroğlu sədr vəzifəsinə namizəd olub-olmayacağı ilə bağlı suala isə belə cavab verib:

"Biz Rasim Balayevi ittifaqa sədr seçmişdik. İndi o, yoxdur. Ondan sonra könlümdə heç kim yoxdur, özüm də daxil. Qurultayda kim namizəd olsa və seçilsə, o da sədr olacaq, vəssalam".

Baba Vəziroğlu həmçinin qeyd edib ki, İdarə Heyətinin tərkibi qurultayda formalaşdırılıb və bu, təşkilati məsələdir: 

"İdarə Heyətinin üzvləri birləşməyib, yenidən seçilib. Bu, təşkilati məsələdir. Belə məsələlərin mediada nə işi var? Media İdarə Heyətini seçmir. Hər şeyin bir həddi var".

Xatırladaq ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayının may ayında keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, qurultayda İdarə Heyətinin tərkibi dəyişdirilə bilər: 

"Bu sayda İdarə Heyəti ola bilməz. İdarə Heyəti 5–6 nəfərdən ibarət olmalıdır. Hazırda İdarə Heyətində 40-a yaxın üzv var. Bu qədər üzv kimə lazımdır? O vaxt bu heyət təsadüfən seçilmişdi. Konfransın bir məqsədi var idi - iki ittifaqı birləşdirmək. Ona görə etiraz etmədik. Amma indi belə olmayacaq, hər şey qanun çərçivəsində olmalıdır". 

Bahar Rüstəmli
--> -->