100 il əvvəl insanların ömür gözləntisi 50 ilə belə çatmırdı, bu gün isə qocalıq həddi 80 yaş hesab olunur. Bəs 100 ildən sonra vəziyyət necə olacaq?
Qaynarinfo xəbər verir ki, indiyə qədər rəsmi olaraq qeydə alınmış ən uzunömürlü insan Janna Kalman olub. O, 122 ilə qədər yaşayıb və 1997-ci ildə dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2015-ci ildə doğulan uşaqlar üçün orta ömür gözləntisi 71,4 il təşkil edib və qadınlar kişilərdən təxminən dörd il çox yaşayır. Həmin qurum insanların yaşlılıq həddini rəsmi şəkildə 80 yaş kimi qəbul edib. Müasir tibbin inkişafı və təhsil səviyyəsinin artması isə insanların daha uzunömürlü olmasına şərait yaradır.
Bəzi mütəxəssislər nikbin şəkildə insanların bir gün 1000 ilədək yaşaya biləcəyini düşünsələr də, hazırda bu hədəfə çatmaq real görünmür. Lakin niderlandlı bir tədqiqat qrupu 2070-ci ilə qədər insan ömrünün 125 ilə yüksələ biləcəyini iddia edir. Üstündən 100 il keçəndə isə ömür müddətinin daha da artacağı gözlənilir.
Digər alimlər isə təbii ömür uzunluğu məsələsində artıq müəyyən bir həddə çatdığımızı düşünürlər.
Məlumat bazası "Our World in Data"ya görə, 1800-cü illərdə dünyanın heç bir yerində orta ömür 40 ildən artıq olmayıb. 50 yaşına çatmış insanlar artıq "müdrik qocalar" hesab edilirdi. Bu gün isə sağlamlığına diqqət edən fərdlər üçün 50 yaş hələ gənc sayılır.
Niderland tədqiqatçı qrupun 2017-ci ildə "Nature" jurnalında dərc olunmuş araşdırmasına əsasən, yaşayış standartlarının yaxşılaşması, daha əlçatan tibbi xidmətlər və soyuducuya ehtiyac duymayan yeni vaksinlərin tətbiqi ömür müddətini artırmağa davam edəcək. Həmin araşdırmada ömür uzunluğunun 2070-ci ilə qədər 125 ilə çata biləcəyi proqnozlaşdırılıb. O vaxtdan bəri tibb sahəsindəki inkişaflar, xüsusilə pandemiya dövründə insanların sağlamlıq mövzusunda daha şüurlu davranması bu prosesin daha da sürətlənəcəyinə işarə edir. Artıq 125 yaşını keçmiş insanları daha tez-tez görmək ehtimalı real hesab olunur.
Bununla yanaşı, qanunların da yeni reallığa uyğunlaşdırılması vacib olacaq. Çünki bu gün hələ də 65 yaşlı şəxslər "yaşlı" hesab edilir və bir çox ölkənin qanunlarına görə onların kommersiya əməliyyatları aparması, hətta avtomobil idarə etməsi belə riskli sayılır. Halbuki, "yeni nəsil" 65 yaşlılar səyahət edir, idmanla məşğul olur, yeni bizneslər qurur və həyatın dadını çıxarır.
Beləliklə, 100 ildən sonra 120 yaşlı insanların hələ də gənc sayıldığını görsək, bu, heç də təəccüblü olmayacaq.
Aydın
Şərhlər