Ağıllı (smart) saatlar insanın fiziki forması barədə yanlış təsəvvür yarada bilər, çünki bu göstəricilərin əksəriyyəti birbaşa ölçülmür – onlar reallıqdan fərqlənə bilən təxmini hesablamalardır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” yazır.
"Məşqdən sonra smart saatınıza baxırsınız və görürsünüz ki, göstəricilər pisləşib: fiziki hazırlıq səviyyəsi aşağı düşüb, az kalori yandırılıb, bərpa zəifdir və sistem sizə daha 72 saat istirahət etməyi tövsiyə edir. Halbuki məşq əla keçmişdi”, deyə məqalədə bildirilir.
Mütəxəssislər izah edirlər ki, smart saatlar və digər fitnes-trekerlər hər zaman dəqiq nəticə göstərmir.
Smart saatlar məşqlərə necə təsir edir?
Smart saat kimi geyilə bilən cihazlar son on ildə əsas fitnes trendlərindən biri olaraq qalır və milyonlarla insan tərəfindən gündəlik istifadə olunur. Bu cihazlar sağlamlıq və məşq barədə təsəvvür formalaşdırır: nə qədər kalori yandırdığınızı, nə dərəcədə formada olduğunuzu, necə bərpa olunduğunuzu və növbəti məşqə hazır olub-olmadığınızı göstərir. Lakin vacib məqam ondan ibarətdir ki, bu göstəricilərin çoxu birbaşa ölçülmür, yalnız təxmin edilir.
Yandırılan kalorilər
Bu, ən populyar funksiyalardan biridir, lakin dəqiqliyi yüksək deyil. Cihazlar 20 faizdən çox səhv edə bilər – həm artıq, həm də az hesablayaraq. Xüsusilə güc məşqləri, velosiped sürmə və interval yüklənmələr zamanı bu fərq daha böyük olur.
Bu isə vacibdir, çünki insanlar çox vaxt qidalanmanı məhz bu göstəricilərə əsasən tənzimləyirlər. Səhvlər həddindən artıq yeməyə və ya az qidalanmaya səbəb ola bilər.
Addım sayı
Addım sayının hesablanması ümumi aktivlik üçün faydalıdır, lakin ideal deyil. Smart saatlar təxminən 10 faiz addımı qeydə almaya bilər. Məsələn, uşaq arabasını itələdikdə, yük daşıdıqda və ya qollar az hərəkət etdikdə dəqiqlik azalır, çünki cihaz əsasən qol hərəkətlərinə əsaslanır. Buna görə bu göstərici daha çox orientir kimi qəbul edilməlidir.
Ürək döyüntüsü
Saatlar nəbzi biləkdə qan axınının dəyişməsi əsasında ölçür. Dinc vəziyyətdə və ya aşağı intensivlikdə bu kifayət qədər dəqiqdir, lakin yüklənmə artdıqca səhv ehtimalı da yüksəlir. Nəticəyə qol hərəkətləri, tər, dəri tonu və cihazın biləyə necə taxılması təsir edir. Bu, nəbz zonalarına əsaslanan məşqlər üçün problem yarada bilər.
Yuxunun izlənməsi
Əksər cihazlar yuxunu mərhələlərə bölür – yüngül, dərin və REM. Lakin bu sahədə ən dəqiq üsul laboratoriyada aparılan polisomnoqrafiyadır. Smart saatlar isə yuxunu hərəkət və nəbzə görə qiymətləndirir. Onlar insanın yatıb-yatmadığını yaxşı müəyyən edir, lakin yuxu mərhələlərini daha az dəqiqliklə göstərir.
Bərpa göstəriciləri
Bir çox cihaz ürək ritminin dəyişkənliyi (HRV) və yuxu məlumatlarına əsaslanaraq məşqə "hazırlıq” səviyyəsini qiymətləndirir. Lakin HRV ən dəqiq elektrokardioqramma ilə ölçülür, smart saatlar isə bunu yalnız təxmini hesablayır. Nəticədə bərpa göstəricisi iki qeyri-dəqiq parametrə əsaslanır və istifadəçini yanıltmağa səbəb ola bilər.
VO₂max
Smart saatlar həmçinin dözümlülüyün əsas göstəricilərindən olan VO₂max-ı da qiymətləndirir. Onun dəqiq ölçülməsi üçün xüsusi avadanlıq və nəfəs analizi tələb olunur. Saatlar isə bunu nəbz və hərəkətə əsasən hesablayır. Bu səbəbdən az aktiv insanlarda göstəricini yüksək, daha hazırlıqlı şəxslərdə isə aşağı göstərə bilər.
Smart saat səhv hesablayanda nə etməli?
Bütün bu qeyri-dəqiqliklərə baxmayaraq, smart saatlar faydalıdır. Onlar ümumi tendensiyaları izləmək üçün yararlıdır, lakin gündəlik dəyişikliklərə və ayrı-ayrı rəqəmlərə həddən artıq diqqət yetirmək düzgün deyil.
Daha vacibi öz hisslərinizi, məşq nəticələrinizi və bərpa səviyyənizi nəzərə almaqdır – bunlar vəziyyətiniz barədə istənilən cihazdan daha real təsəvvür yaradır.
Aydın
Şərhlər