ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelanın müvəqqəti hökumətindən Çin, Rusiya, İran və Kuba agentlərini ölkədən qovmağı tələb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” nəşri
yazır.
"ABŞ Venesuelaya təzyiq göstərərək Çin, Rusiya, Kuba və İrandan olan bütün şübhəli casusların və digər kəşfiyyatçıların ölkədən çıxarılmasını tələb edir. Bu addım ştatlı diplomatlara şamil edilmir və administrasiyanın keçən həftə Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatından sonra ölkəni ABŞ-ın tələblərini yerinə yetirməyə məcbur etmək üçün son cəhdidir", – deyə nəşr qeyd edir.
"ABC News”un mənbələrinin məlumatına görə, Venesuela bu dörd ölkə ilə iqtisadi əlaqələri kəsməli, neft hasilatı sahəsində ABŞ ilə eksklüziv tərəfdaşlığa razılaşmalı və ağır neftin satışında Amerikaya üstünlük verməlidir.
Dövlət katibi Marko Rubio bazar ertəsi qapalı brifinqdə qanunvericilərə bildirib ki, ABŞ Venesuelanı bu addımları atmağa məcbur edə bilər, çünki ölkənin mövcud neft tankerləri tam doludur. Rubionun sözlərinə görə, Karakas öz neft ehtiyatlarını satmasa, bir neçə həftədən sonra maliyyə iflası (defolt) vəziyyətinə düşəcək.
Administrasiya nümayəndələrindən biri bildirib:
"Prezident Venesuelada qalan elementlərə maksimal təsir göstərmək və onların qanunsuz miqrasiyanı dayandırmaq, narkotik axınının qarşısını almaq, neft infrastrukturunu bərpa etmək məsələlərində ABŞ ilə əməkdaşlığını təmin etmək niyyətindədir."
Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ Venesuela ilə müharibə vəziyyətində deyil, sadəcə narkotik satanlara qarşı mübarizə aparır. O, həmçinin vəziyyət düzələnə qədər yaxın 30 gün ərzində Venesuelada seçkilərin keçirilməyəcəyini vurğulayıb.
Həmin müddət ərzində Venesuela işləri ilə aşağıdakı rəsmi şəxslər məşğul olacaq:
•Marko Rubio (Dövlət katibi)
•Pit Heqset (Müdafiə naziri)
•Stiven Miller (Ağ Ev aparat rəhbərinin müavini)
•Cey Di Vens (Vitse-prezident)
Bütün bu proseslərə görə məsuliyyəti isə şəxsən Donald Tramp daşıyacaq.
Alpər
Şərhlər