Xəbər lenti

ABŞ seçkilərinin taleyi Ukraynada həll edilir? (ŞƏRH)
Dünya 17:55 22.08.2024

ABŞ seçkilərinin taleyi Ukraynada həll edilir? (ŞƏRH)

"Ukrayna məsələsində Kiyevin uğurları ABŞ seçkilərində Kamala Harrisə həlledici olmasa da, qismən üstünlük gətirəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında olitoloq Natiq Miri Ukraynada gedən müharibənin ABŞ seçkilərinə təsiri məsələsindən danışarkən deyib.
 
"Ukrayna-Rusiya müharibəsində Kiyevin hərbi uğuru dolayısı ilə ABŞ-ın hazırkı hakimiyyətinin hərbi uğuru sayıla bilər. Hazırda çoxqütblü dünya sisteminin zəruriliyi fikri oturuşmaqdadır. Belə bir vəziyyətdə ABŞ-ın təkbaşına hegemonluğu ilə bağlı problemlər yaranır. Tramp da bundan istifadə edir. O, belədə ölkə büdcəsinin boşaldıldığı, ABŞ-ın müdafiə sisteminin zəiflədildiyi barədə cəmiyyətə qorxuducu mesajlar verir. Tramp həmçinin Ukraynanın bundan əvvəlki uğursuzluğunu Ağ Evin hazırkı sahibinin ayağına yazırdı", deyə Natiq Miri bildirib.

Politoloq bildirib ki, Ukrayna məsələsinin Harrislə Tramp arasındakı yarışmada qismən də olsa təsiri olacaq. Həmsöhbətimiz qeyd edir ki, Kiyev Kurskdakı uğurlu əməliyyatı genişləndirsə, Donbas istiqamətində müdafiəni gücləndirib, bu ərazidəki rus qoşunlarının Kurska yönləndirilməsinə nail olsa, yaranmış vəziyyət Bayden hakimiyyətinin də güclənməsi demək olacaq:
 


"Bu da öz növbəsində Harrisin uğur qazanmasına müsbət təsir göstərəcək. Ukrayna müharibəsində Kiyevin gözlə görünə biləcək uğurları, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və İsraillə HƏMAS arasında davamlı atəşkəsin təmin olunması ABŞ-da demokratların mövqeyini gücləndirəcək proseslərdir. Ona görə də Bayden adminstrasiyası bu üç cəbhənin hər birində ciddi fəaliyyətlə məşğuldur. Yəni Kiyevin uğurları birmənalı olaraq ABŞ seçkilərində həlledici olmasa da, ancaq ictimai rəydə demokratlara müəyyən üstünlüklər vəd edir. Ukrayna məsələsi seçkidə Harrisə həlledici deyil, qismən üstünlük gətirəcək".

Qeyd edək ki, ABŞ-da seçkilər yaxınlaşdıqca Demokratların namizədi, vitse-prezident Kamala Harrislə Respublikaçıların namizədi Donald Tramp arasında mübarizə kəskinləşir. Hazırkı prezident Co Bayden isə Trampdan fərqli olaraq, Harrisin də özü kimi Vladimir Putinə baş əymək niyyətində olmadığını bildirib. 

Görünən odur ki, Ukrayna böhranının taleyi də xeyli dərəcədə ABŞ-da seçkilərdə namizədlərdən kimin qalib gələcəyindən asılıdır. Belə ki, Harrisin qələbəsi Kiyevin mübarizə əzminin ən azından mövcud səviyyədə saxlanması demək olduğu halda, Trampın qələbəsinin Moskvanın maraqlarına işlədiyi fikirləri geniş yayılıb. Bu mənada ABŞ seçkilərinə Ukraynada baş verən hadisələrin necə cərəyan edəcəyinin də aydın məsələdir ki, müəyyən dərəcədə təsiri var. Kiyevin Kursk istiqamətində əldə etdiyi uğurlarının artırması istər-istəməz Harrisin şanslarının yüksəlməsi anlamına gəlir. Bunun əksi isə Trampın xeyrinə işləyən məqamdır.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->