Xəbər lenti

ABŞ İsrail-İran savaşında 12 günə kritik sayda müdafiə raketi itirib - CNN
Dünya 16:04 28.07.2025

ABŞ İsrail-İran savaşında 12 günə kritik sayda müdafiə raketi itirib - CNN

İyunun sonunda İsraillə İran arasında baş verən 12 günlük müharibə zamanı ABŞ, THAAD raketdən müdafiə sisteminə aid raket ehtiyatlarının təxminən dörddəbirini xərcləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN əməliyyatla tanış iki mənbəyə istinadən məlumat yayıb.

Ümumilikdə 100-dən çox, bəlkə də 150-yə yaxın raket buraxılıb ki, bu da onların istehsal sürətini xeyli üstələyir.

ABŞ-ın ümumilikdə yeddi THAAD sistemi var və onlardan ikisi İsraildə yerləşdirilmişdi. Bu qədər intensiv istifadənin nəticəsində ABŞ-ın raketdən müdafiə sistemindəki zəif cəhətlər üzə çıxıb və belə bir zamanda – İsrailə dəstəyin ABŞ ictimaiyyətində tarixi minimuma endiyi bir vaxtda – mühüm ehtiyatlar tükənib.

Ötən il ABŞ cəmi 11 yeni THAAD raketi istehsal edib. 2026-cı ildə daha 12 raketin istehsalı planlaşdırılır. Pentaqon gələn il 37 yeni raketin alınmasını planlaşdırır və bu, qismən sabiq prezident Donald Trampın son qanun layihəsi ilə maliyyələşdiriləcək.

"Büdcədə sənaye təchizat zəncirinin yaxşılaşdırılması üçün əlavə 1,3 milyard dollar və raket və sursat istehsalının genişləndirilməsi üçün 2,5 milyard dollar nəzərdə tutulub”, – ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Lakin ekspertlər ciddi sistem çatışmazlığı, müdafiə raketlərinin azlığı və istehsal gücünün yetersizliyi barədə xəbərdarlıq edirlər. ABŞ müdafiə nazirinin sabiq köməkçisi Mara Karlin bildirib:

"Hazırda hava hücumundan müdafiə bütün əsas hərbi teatrlarda aktuallaşıb. Amma kifayət qədər sistem yoxdur. Kifayət qədər müdafiə raketi yoxdur. Kifayət qədər istehsal yoxdur”.

Ekspertlərin fikrincə, buraxılan raketlərin minimum sayı 80-dir və CNN bunu videomateriallar əsasında təsdiqləyib.

"2025-ci ilin iyunundakı 12 günlük müharibə, əslində, THAAD sistemlərinə məxsus müdafiə raketlərinin ilk genişmiqyaslı istifadəsi oldu. İsrail, ABŞ-ın köməyilə, sadə İran raketlərinə qarşı nisbətən uğurlu müdafiə təşkil etsə də, bunun əvəzində müdafiə raketlərinin arsenalı tükəndi”, – Hamburq Universitetindən Timur Kadışev qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında İsrail, İranın nüvə infrastrukturuna qarşı genişmiqyaslı hava hücumları həyata keçirmişdi. Cavab olaraq İran, İsrail şəhərlərinə qarşı yüzlərlə ballistik raket və dron buraxmışdı. Münaqişə 12 gün davam etmiş və atəşkəslə başa çatmışdı. İran tərəfdən 600-dən çox, İsraildən isə təxminən 30 nəfər həlak olmuşdu.

UNİAN-ın məlumatına görə, həmin 12 günlük müharibə zamanı Qətər və Səudiyyə Ərəbistanı çoxpilləli hava hücumundan müdafiə sistemlərinin effektivliyini uğurla nümayiş etdirmişdilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->