Xəbər lenti

ABŞ-ın yeni rüsumlarının tətbiqi dünya iqtisadiyyatına necə təsir edir? (ŞƏRH)
Dünya 21:01 08.07.2025

ABŞ-ın yeni rüsumlarının tətbiqi dünya iqtisadiyyatına necə təsir edir? (ŞƏRH)

"ABŞ adminstrasiyasının bəyan etdiyi kimi, bir sıra ölkələrə avqustun 1-dən tətbiq edəcəyi yeni rüsumlar məsələsinin neftin qiymətlərinə də təsiri var".

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban ABŞ prezidenti Donald Trampın 14 ölkəyə münasibətdə tətbiq edəcəyi tarif rüsumları barədə verdiyi elanının neftin qiymətinin ucuzlaşmasına təsirini şərh edərkən deyib.

İlham Şaban bildirib ki, Tramp hələ bu ilin aprelin 2-də 100-dən çox ölkəyə rüsum tətbiq etdiyini elan edən zaman da həmin vəziyyətin şahidi olduq:

"Yüksək rüsumlar göstərilən xidmətlər, mal və məhsulların qiymətinin bahalaşmasına səbəb olur. Qiymət bahalaşanda isə yaranmış durum bazar üçün əvvəlki tək əlçatan olmur. Əlçatan olmayanda isə, deməli, istehsal azalmalıdır. İstehsalın azalması ilə isə ona əvvəlki qədər enerji sərfiyyatı lazım olmur. O baxımdan da dünya bazarında neftin qiyməti ucuzlaşmağa meyillənir".

Mövcud vəziyyətdə həmsöhbətimizə görə, dünya iqtisadiyyatındakı 3-3,5 faizlik artım tempi təxminən 0,5 faizə qədər enə bilər.
 


Qeyd edək ki, avqustun 1-dən ABŞ Yaponiya, Cənubi Koreya, İndoneziya daxil olmaqla 14 ölkədən Amerika bazarına idxal edilən bütün mallara 25 faizlik vahid tarif tətbiq edəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib:

"Biz bu ölkələrin tarif və qeyri-tarif maneələrinin yaratdığı ticarət kəsirlərinə son qoymalıyıq. Buna görə də daxil olan bütün mallara 25 faizlik rüsum tətbiq edirik".

Qeyd edək ki, aprel ayında Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq edib. Lakin sonradan bu qərarı geri çəkib. İyulun əvvəlində isə Tramp ABŞ-ın BRİKS siyasətini dəstəkləyən ölkələrə əlavə 10 faizlik tariflər tətbiq edəcəyini söyləyib. Trampın bu addımı fonunda neft dərhal prosesə reaksiya verərək, ucuzlaşmağa başlayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->