Xəbər lenti

ABŞ Haniyəni İsrailin öldürdüyünü etiraf edib - Həbslər başladı
Dünya 12:08 03.08.2024

ABŞ Haniyəni İsrailin öldürdüyünü etiraf edib - Həbslər başladı

ABŞ rəsmiləri Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumun arxasında İsrailin olduğunu özəl olaraq etiraf edirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Washington Post" qəzeti yazır.

"İsrail məsuliyyəti öz üzərinə götürməyib, lakin ABŞ rəsmiləri özəl olaraq bunun arxasında İsrailin olduğunu etiraf edirlər", deyə nəşr yazır.

Eyni zamanda qəzet qeyd edir ki, Vaşinqton əməliyyatla bağlı əvvəlcədən məlumatlandırılmayıb və bunda heç bir rol oynamayıb. "Washington Post"un fikrincə, Yaxın Şərqdə vəziyyətin pisləşməsi regionu tammiqyaslı münaqişəyə yaxınlaşdırır.

"The New York Times" qəzeti isə yazır ki, Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin aradan götürülməsindən sonra regionda gərginliyin artması fonunda Birləşmiş Ştatlar Yaxın Şərqdəki qüvvələrinə potensial hücumlara hazırlaşır.

"Pentaqon İranın dəstəklədiyi qrupların, o cümlədən Yəməndəki husilər və İraqdakı "Kətaib Hizbullah"ın İranın gözlənilən cavab tədbirləri çərçivəsində bölgədəki ABŞ qoşunlarına zərbələr endirməsi ehtimalına hazırlaşır", deyə nəşr yazır.

Qeyd olunur ki, Pentaqonun artıq ondan artıq döyüş gəmisi bölgəyə yerləşdirib. Eyni zamanda, təqribən 40 "F/A-18 Super "Hornet və F-35 hücum təyyarəsi ilə təchiz edilmiş "Teodor Ruzvelt" təyyarədaşıyan gəmisi hazırda Fars körfəzi yaxınlığında yerləşir.

Bu arada, İsmayıl Haniyəyə hücumla bağlı aparılan araşdırmalar fonunda onlarla təhlükəsizlik məmuru və kəşfiyyat zabiti İran hakimiyyəti tərəfindən saxlanılıb. 

"The New York Times"ın məlumatına görə, İran kütləvi və alçaldıcı təhlükəsizlik pozuntusuna cavab olaraq yüksək rütbəli kəşfiyyat zabitləri, hərbi məmurlar və Tehrandakı hərbi qonaqxananın işçiləri də daxil olmaqla 20-dən çox adamı saxlayıb.

Amerika qəzeti İran hakimiyyətinin Haniyyənin öldürülməsinə bu reaksiyasını "fırtınalı" adlandıraraq əlavə edir ki, HƏMAS Siyasi Bürosunun rəhbərinə qarşı əməliyyat ölkə paytaxtında diqqətlə mühafizə olunan obyektdə keçirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->