Xəbər lenti

5 ildə 76 milyonluq tender: Nazirliyin
Ekonomiks 13:18 20.10.2025

5 ildə 76 milyonluq tender: Nazirliyin "sevimli şirkəti" "Element YT" kimindir?

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Element YT” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 10 165 227,01 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Element YT” QSC 16 yanvar 2019-cu il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti, ev 15-də yerləşir. QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. 

"Element YT” QSC 2022-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildən şirkətin təşkilati-hüquqi forması dəyişdirilib. Şirkətin indiyədək 3 qanuni təmsilçisi olub. 2019-2020-ci illərdə şirkəti Ağayev Fərhad Sürəddin oğlu və Abbasov Elçin Təmraz oğlu təmsil edib. QSC-nin hazırki qanuni təmsilçisi Mətləb Paşayev Elçin Abbasovu əvəzləyib. Açıq mənbələrdə nə şirkət, nə də adıçəkilən şəxslər haqqında məlumata rast gəlinir. 
 


"Element YT” QSC 2019-cu ildə təsis olunmasına baxmayaraq, artıq 2020-ci ildən satınalma müsabiqələrində iştirak etməyə başlayıb. Nə sirrdirsə şirkət ancaq Elm və Təshsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tenderlərini qalibi seçilir. 

Ötən il şirkətlə idarə arasında 10 664 973,49 manat dəyərində satınalma müqaviləsi imzalanıb. Müqavilədə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satın alınması nəzərdə tutulub. 

2023-cü ildə isə yenə də yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması ilə bağlı tərəflər arasında 14 461 575,32 manatlıq müqavilə bağlanıb. 
2022-ci ildə bu məbləğ 15 144 749,4 manat, 2021-ci ildə 13 099 713,9 manat, 2020-ci ildə isə 12 399 775,71 manat təşkil edib. 
 


Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2020-ci ildən bu yana hər il yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması ilə bağlı tender elan edib və hər il bu tenderin qalibi "Element YT” QSC seçilib. Şirkət 5 il ərzində Elm və Təhsil Nazirliyinin xətti ilə 75 936 015,83 manatlıq sifariş alıb. 

Elm və Təhsil Nazirliyi tanınmayan, maddi-texniki bazasının hansı səviyyədə olması bilinməyən, adicə əlaqə nömrələri və internet səhifəsi olmayan bu şirkətə hansı səbəbdən etimad göstərməsi məlum deyil. Bəlkə bu işbirliyinin araxasında hansısa korporativ maraqlar dayanır. Bunu söyləmək çətindir. Amma istənilən halda "Element YT” QSC ilə nazirliyin tender əməkdaşlığı şübhəlidir. Ən azı ona görə ki, "Element YT” QSC fəaliyyət göstərdiyi sahədə alternativsiz deyil. 

Seyid
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->