Xəbər lenti

2 il qanunsuz psixiatriya xəstəxanasında saxlanılan şəsx 975 min dollar alacaq
Dünya 21:55 31.03.2026

2 il qanunsuz psixiatriya xəstəxanasında saxlanılan şəsx 975 min dollar alacaq

ABŞ-da iki il psixiatriya xəstəxanasında qanunsuz saxlanılan şəxs 975 min dollar kompensasiya əldə edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.

Coşua Spristersbax adlı şəxs səhvən Tomas Kestlberri adlı başqa bir şəxsə dair verilmiş həbs orderi əsasında saxlanılıb. Halbuki əsl Tomas Kestlberri 2016-cı ildən Alyaskada həbsdə olub.

İddialara görə, polis daha əvvəl iki dəfə Spristersbaxı səhvən Kestlberri ilə qarışdırıb, lakin bu səhv məlumat bazasında düzəldilməyib. Barmaq izləri və fotoşəkillər onların fərqli şəxslər olduğunu təsdiqləyə bilsə də, yanlışlıq aradan qaldırılmayıb.

Həbs zamanı Spristersbax Honoluluda evsizlər üçün yemək növbəsində gözləyirmiş. O, səhv şəxs olduğunu bildirsə də, sözlərinə məhəl qoyulmayıb. Saxlanıldıqdan sonra o, dörd ay islah mərkəzində, daha sonra isə iki ildən çox dövlət psixiatriya xəstəxanasında saxlanılıb. Orada ona məcburi psixotrop dərmanlar tətbiq edilib.

Spristersbax yalnız həkimlərdən birinin təşəbbüsü ilə aparılan əlavə yoxlamadan sonra azad edilib. Barmaq izi analizi onun axtarılan şəxs olmadığını təsdiqləyib.

Məhkəmə iddiasında polis əməkdaşları, dövlət müdafiəçiləri və tibb işçilərinin səhvi düzəltmək üçün imkanları olduğu, lakin bunu etmədikləri bildirilir. Hətta şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra da onun kimliyi səhv olaraq qeydə alınıb.

Nəticədə Honolulu şəhəri və rayonu Spristersbaxa 975 min dollar kompensasiya ödəməyə razılaşıb. Bundan əlavə, o, ştatdan əlavə 200 min dollar da ala bilər. Vəkillərin sözlərinə görə, rəsmi qeydlər düzəldilmədiyi üçün onun gələcəkdə yenidən səhvən həbs olunma riski qalır.

Aydın

--> -->