Xəbər lenti

10 manatlıq nizamnamə kapitalı, milyonluq tenderlər:
Ekonomiks 18:48 15.01.2026

10 manatlıq nizamnamə kapitalı, milyonluq tenderlər: "Medaz" MMC-nin sirri

İnnovasiya və Təchizat Mərkəzi tibbi cihaz və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Medaz” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 447 569,28 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 18 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 51A, mənzil 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Azər Şövqi oğludur. 

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Azər Cəfərov barəsində də hər hansı məlumata rast gəlinmir. 

Şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil. Qanunvericiliyə əsasən, satınalma müsabiqələrində iştirak edən şirkətlərin lazımi maddi-texniki bazaya, təcrübəyə, peşəkarlığa malik olmalıdır. "Medaz” MMC-nin isə adicə internet səhifəsi belə yoxdur. Belə bir şirkətin milyonluq tenderləri necə qazandığı müəyyən suallar yaradır.

"Medaz” MMC dövlət satınalmalarında fəal iştirak edir. Şirkət ötən il 3 tenderin qalibi seçilib. Həmin tenderlər ikisi İnnovasiya və Təchizat Mərkəzi, biri isə Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikası tərəfindən keçirilib. 

Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 758 657,81 manatdır. 

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət əsasən İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tenderlərdə qalib seçilir. Şirkət 2024-cü ildə qurumdan 418 428 manatlıq, 2023-cü ildə 197 988,66 manatlıq, 2022-ci ildə isə 97 959,73 manatlıq sifariş alıb. 

İnnovasiya və Təchizat Mərkəzi Tibbi Ərazi Bölmərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir. Mərkəzin direktoru Nurlan Nurlan Quliyevdir. 

Seyid
--> -->