Xəbər lenti

Həqiqəti niyə gizlədirsiz, axı?
Amal Abuşov
İdman 10:25 11.12.2024

Həqiqəti niyə gizlədirsiz, axı? "Şamaxı", ay "Şamaxı"...

"Örtülü bazar dostluğu pozar” (Atalar sözü)

"Şamaxı” 9 oyundur ki, Premyer Liqada qələbə qazanmır. Üstəlik, ölkə kubokunda da mübarizəni dayandırıb. Buna qədər "Kəpəz” səkkiz oyunda xal üzünə həsrət qalmışdı və gəncəlilər sonuncu pillədən qurtulmağı bacarmırdılar. IX turda "Neftçi”ni Tovuzda qəbul edən "Kəpəz” 4:3 hesablı qələbəyə sevindi və gələcək üçün zəif də olsa, ümid işıqları yandı. Düzdür, "Şamaxı” bu 9 oyunun hamısını uduzmayıb. "Neftçi” və "Turan Tovuz”la qarşılaşmalarda "Şamaxı” aktivinə 1 xal yazmağı bacarıb. Vəssalam, bundan artığını etmək mümkün olmayıb. Doqquz oyuna cəmi iki xal toplamaq heç də yaxşı göstərici sayıla bilməz.

Bütün bunları başa düşmək, "Şamaxı”nın vəziyyətinin heç də yaxşı olmadığını görmək üçün futbol mütəxəssisi olmağa ehtiyac da yoxdur. Hər şey göz qabağındadır. Amma bu acı həqiqəti əyalət təmsilçinin rəsmiləri və baş məşqçi Ayxan Abbasov qəbul etmək fikrində deyil. "Şamaxı”nın baş meneceri Kamran İsmayılov bildirir ki, komandada heç bir problem yoxdur. Hələ bununla kifayətlənmir, "Şamaxı”dakı problemlər barədə yazanlarla türkün sözü "dalğa keçir”. Sitat: "Bəzən mətbuatda yayılan xəbərləri oxuyarkən qəhqəhə çəkirəm”. Təsəvvür edirsiz, bunu deyən şəxsin baş meneceri olduğu klubun ötən mövsüm futbolçulara borclu qalması ilə bağlı xeyli xəbərlər yazılırdı. Həmin borcların bir çoxunun ödənib-ödənmədiyi hələ də məlum deyil. Şikayətçilər arasında hətta məşqçilər korpusunun üzvləri də var idi. Klub həmin şəxsləri pulsuz yola salmışdı və heç biri ilə normal şəkildə yollar ayrılmamışdı. 

İndi Kamran İsmayılov mətbuatda yazılanlara ürəkdən qəhqəhə çəkib gülür. Əslində isə "Şamaxı”nın gününə qəhqəhə çəkmək lazımdır. Problemlər təkcə meydandakı nəticələrlə məhdudlaşmır, futbolçularla klub arasında da şübhəli proseslər baş verir. Qısa müddət ərzində "Şamaxı” üç futbolçusu ilə müqaviləni pozub. Təəccüblüsü də odur ki, bu ayrılıqlarla bağlı heç bir tutarlı səbəb göstərilmir, məntiqli izahat verilmir. İlkin Muradovun gedişinə intizamsızlıq adı verdilər. Di gəl ki, kapitan Adil Nağıyevlə gürcü Georgi Kantariyanın klubdan qovulmasına heç bir ad qoyulmur. Nə klub tərəfindən, nə də futbolçuların özlərindən normal izahatın gəlməməsi şübhələrə yol açır. Həmin şübhələr də odur ki, qovulan futbolçular oyun alqı-satqısında iştirak ediblər.

Bu şübhələr və iddialar əsassızdırsa, ortaya onları yalanlayan sübutlar qoyulmalı, ayrılığın əsl səbəbləri açıqlanmalıdır. Yox, bunu etmirlərsə, deməli, tüstü elə od olan yerdən çıxıb. Heç kimdən inciməyə, yaxud da anlayış gözləməyə dəyməz. Tovuzdakı oyundan sonra baş məşqçi Ayxan Abbasov məsələ ilə bağlı suala belə cavab vermişdi ki, klubun rəsmi açıqlaması olacaq. O açıqlama da gəldi, amma necə gəldi? Molla Nəsrəddin demişkən, üzrü günahından betər. Klub deyir ki, sizə heç nə açıqlaya bilmərik, bizə anlayış göstərin. Nəyin anlayışıdır? Mətbuatın borcu həqiqəti üzə çıxarmaq, oxuculara xəbər çatdırmaqdır. Sən o xəbəri gizlədirsənsə, heç kimdən anlayış gözləmə. Futbolçuların qəbahəti varsa, bunu açıqlamaq lazımdır. Qoy başqalarına da dərs olsun, sabah eyni yolu getməyə cürət etməsinlər. Bunu etməmək elə o futbolçulara haqq qazandırmaqdır. 

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->