"Azərbaycanda kişilər daha çox psixoloji zorakılığa məruz qalırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bu ilin 6 ayı ərzində məişət zorakılığına məruz qalan və Dəstək Xəttinə müraciət edən 34 kişidən danışarkən deyib.
Sədr bildirib ki, buna səbəb kişilərin qarşısında onun gücündən çox tələblərin qoyulmasıdır:
"Bu, reallıqdır. İstəklər çoxdur, hesab edilər ki, kişi bunların hamısının öhdəsindən gələ bilər. Ənənəvi olaraq bizi belə öyrədiblər. Açığı, kişilər də belə öyrənib ki, qadın elə bütün günü gileylənməlidir, kişilər də gücündən artıq işləməlidir”.
Mehriban Zeynalova belə halların mövcudluğunun çox olduğunu vurğulayıb:
"Çox az hallarda qadın tərəfindən fiziki zorakılığın olması faktı da ola bilər. Bu da alkoqol asıllığı olan kişlər arasında baş verir. Psixoloyi müraciətin faizi ehtimal edirəm ki, daha çoxdur. Biz öyrəşmişik ki, kişi mental olaraq çətinliyə dözməli və bu barədə heç kimə deməməlidir. Amma müasir dövrdə həm evdə, həm cəmiyyətdə olan basqılar məcbur edir ki, kişilər kömək istəsin. Sui-istifadə halları da var. Çox zamanlar övladlarını qadının əlindən almaq, onu ləkələmək üçün belə addımlar atılır. Bu da bir metoddur. Qarşımıza belə faktlar da çıxır”.
Qeyd edək ki, Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 - Dəstək Xəttinə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib. Bu barədə komitə sədri Bahar Muradova məlumat verib. O bildirib ki, Dəstək Xəttinə müraciət edən qadınların sayı isə 112-dir:
"Daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib”.
Bahar Rüstəmli
Şərhlər