Xəbər lenti

Saakaşvili Tbilisinin Azərbaycanla yük daşımalarına maneə yaratdığını deyir
Siyasət 17:14 02.12.2025

Saakaşvili Tbilisinin Azərbaycanla yük daşımalarına maneə yaratdığını deyir

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ölkənin hazırkı hakimiyyətini Qərblə yanaşı, qonşuları Azərbaycan və Ermənistanla da münasibətləri korlamaqda ittiham edib. O, Tbilisinin həm regiondakı qonşulara, həm də beynəlxalq tərəfdaşlara qarşı siyasətinin təhlükəli həddə çatdığını bildirib.

Qaynarinfo xəbər verir ki, Saakaşvili bu barədə feysbuk hesabında yazıb. O, hazırkı hökuməti "kriminal rejim” adlandıraraq, Gürcüstanın xarici siyasət kursunun həm Qərb, həm də qonşu ölkələrlə münasibətlərdə gərginlik yaratdığını vurğulayıb.

Gürcüstanın Azərbaycanla münasibətlərinə toxunan Saakaşvili bildirib ki, Tbilisi artıq Azərbaycanın yüklərinin daşınması ilə bağlı problem yaradıb:

"Tbilisi artıq Azərbaycan üçün yüklərin daşınması ilə bağlı problem yaradıb. Azərbaycan mətbuatı haqlı olaraq bunda Rusiyanın təsirini görür. Ruslar Kiyevdəki Azərbaycan səfirliyini bombalayır, burada isə marionetkaları vasitəsilə əlaqələrdə problem yaradırlar. Görünür ki, azərbaycanlı jurnalistlərin yazdıqları rəsmi Bakının haqlı hiddətini əks etdirir”, – o qeyd edib.

Saakaşvili həmçinin hazırkı hakimiyyətin addımlarını sərt ifadələrlə tənqid edib və onu "birhüceyrəli həşəratlar” adlandırıb. Onun fikrincə, rəsmi Tbilisinin indiki xətti Gürcüstanın regiondakı mövqeyinə, eləcə də tranzit və yükdaşımalar sahəsindəki roluna ciddi zərbə vurur.

Sabiq prezident iddia edib ki, Tbilisi ilə Ermənistan arasında da gərginlik artır. Onun sözlərinə görə, baş nazir İrakli Kobaxidze Ermənistandan bu ölkəyə köçən gürcü QHT-lərinin (Gürcüstanda Qərbin vəsaiti ilə keçirilən konfransların son vaxtlar İrəvana daşındığını qeyd edir) fəaliyyətinə və hesablarına məhdudiyyət qoyulmasını tələb edir.

Saakaşvili yazıb ki, Ermənistan hökuməti buna cavab olaraq ölkədə "agent qanunu”nun olmadığını, gürcülərin azadlığını məhdudlaşdıracaq hər hansı mexanizm və hüquqi baza mövcud olmadığını bildirib. Onun iddiasına görə, Kobaxidze İrəvanı yükdaşımalarına əlavə məhdudiyyətlər tətbiq etməklə hədələyir.

Xatırladaq ki, son günlər Tbilisidə hökumətin "xarici agentlər” haqqında qanun layihəsinə və hakimiyyətin kursuna etiraz edən genişmiqyaslı aksiyalar davam edir. Saakaşvilinin açıqlamaları da məhz bu gərgin siyasi fon və ictimai narazılıq şəraitində səslənir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->