Xəbər lenti

İngiltərəni sarsıdan cinayətdə Epşteyn izi: Keçmiş prokuror, milyarder ata və 18 ildir qaçaq olan şübhəli
Dünya 14:56 24.05.2026

İngiltərəni sarsıdan cinayətdə Epşteyn izi: Keçmiş prokuror, milyarder ata və 18 ildir qaçaq olan şübhəli

ABŞ-da yayımlanan Cefri Epşteyn sənədləri İngiltərədə illərdir açılmayan Martine Vik Maqnussen cinayətini yenidən gündəmə gətirib. Sənədlərdə Epşteynin zorlanaraq öldürülən Martinenin qətlində şübhəli bilinən şəxslə yüksək vəzifəli fiqurlar arasında əlaqələr qurduğu və ədliyyə prosesinə təsir etməyə çalışdığı iddiaları yer alır.

Qaynarinfo xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yanvar ayında açıqladığı Epşteyn sənədləri, onun fəaliyyət şəbəkəsinin düşündüyü­müzdən daha geniş olduğunu ortaya çıxarıb. Britaniya mətbuatında yayılan son məlumatlara görə, Epşteyn 2008-ci ildə bir qadının qətlində şübhəli bilinən şəxsin təcavüz və qətl ittihamları üzrə mühakimə olunmasının qarşısını almağa və onun qaçmasına yardım etməyə cəhd göstərib.

2008-ci ilin martında Britaniya mətbuatı gənc bir qadının qətli ilə bağlı şok xəbərlərlə gündəmə gəlmişdi. 23 yaşlı norveçli Martine Vik Maqnussen Londonda öldürülmüşdü. Hadisəni xüsusi edən əsas məqam isə şübhəli Faruk Abdulhakın Böyük Britaniya ilə ekstradisiya sazişi olmayan Yəmənə qaçması idi.
 

Martine Vik Maqnussen

Martinenin atası Odd Petter Maqnussen illərdir bağlanmayan işin detalları və yeni iddialar barədə danışıb.

Milyarder iş adamının oğlunu qoruması iddiası

Epşteyn sənədlərinə əsasən, hadisənin baş verdiyi dövrdə Epşteynin Faruk Abdulhakın atası, yəmənli milyarder Şaher Abdulhak ilə Böyük Britaniyanın Krallıq Prokurorluq Xidmətinin (CPS) keçmiş direktoru Lord Ken Makdonald arasında vasitəçilik etdiyi iddia olunur.
 
2008-ci ildə CPS rəhbəri vəzifəsindən ayrılan Makdonaldın Epşteyn vasitəsilə Şaher Abdulhakla Parisdə görüşdüyü, bu görüş qarşılığında isə 20 min funt-sterlinq aldığı bildirilir. Daha sonra Makdonaldın Yəməndə Faruk Abdulhakla da görüşdüyü qeyd olunur. Maqnussen ailəsi bu görüşləri "qəbuledilməz” adlandırıb.
 

Epşteyn və Şaher Abdulhak

Epşteynin Norveçin keçmiş Böyük Britaniya səfiri Mona Yul ilə də yaxın əlaqələri sənədlərdə yer alıb. Ailənin iddiasına görə, Norveç hökumətinin işə kifayət qədər müdaxilə etməməsində bu əlaqələrin təsiri ola bilər.

Şübhəli hələ də qaçaqdır

Martine Vik Maqnussenin cəsədi Londonun Regent’s Park yaxınlığında bir binanın zirzəmisində tapılmışdı. O, boğularaq öldürülməzdən əvvəl cinsi təcavüzə məruz qalmışdı.

Şübhəli Faruk Abdulhak hadisədən sonra İngiltərədən Qahirəyə, daha sonra isə Yəmənə qaçmışdı. Hazırda onun 39 yaşında olduğu və Yəməndə gizləndiyi düşünülür.

2023-cü ildə BBC-yə danışan Abdulhak hadisəyə dair ilk dəfə etiraf edərək bunu "kokain təsiri altında baş verən faciəvi bir qəza” kimi xarakterizə etmişdi. Lakin Maqnussen ailəsi bu versiyanı rədd edir və bədəndə aşkar edilən çoxsaylı xəsarətlərin zorakılığı sübut etdiyini bildirir.

Ailə adından danışan ata Petter Maqnussen ədalət tələb etdiyini, lakin intiqam deyil, hüquqi prosesin tamamlanmasını istədiyini vurğulayıb.

Epşteyn şəbəkəsi ilə geniş əlaqələr

Sənədlərdə Şaher Abdulhak və Epşteyn arasında birbaşa tanışlığın necə baş verdiyi göstərilmir. Lakin yazışmalarda Abdulhakın Epşteynə "əziz əmioğlu-qardaşım” kimi müraciət etdiyi qeyd olunur.

Epşteynin Avropa və Yaxın Şərqdə yüksək səviyyəli siyasi və iş dünyası əlaqələri qurmaq üçün vasitəçilik etdiyi, bu şəbəkədə britaniyalı hüquqşünas və PR fiqurlarının da yer aldığı bildirilir.

Lord Makdonald sonradan görüşləri Abdulhakı könüllü şəkildə Britaniyaya qaytarmaq cəhdi kimi izah edib. Lakin Maqnussen ailəsi bu addımların rəsmi diplomatik kanallardan kənar həyata keçirilməsini sual altına alır.
 

Martine Vik Maqnussen və atası Petter Maqnussen

Norveç və digər əlaqələr

Ailə Epşteynin Norveç rəsmiləri ilə əlaqələrinin işin gedişinə təsir göstərdiyini iddia edir. Xüsusilə Norveçin Londondakı keçmiş səfiri Mona Yul və onun əri Terye Rod-Larsenin Epşteynlə münasibətləri diqqət çəkir.

Rod-Larsenin rəhbərlik etdiyi Beynəlxalq Sülh İnstitutu ətrafında Epşteynlə maliyyə və şəxsi əlaqələrə dair iddialar da sənədlərdə yer alıb.

İstintaq və ailənin mövqeyi

Böyük Britaniya polisi işin hələ də açıq olduğunu və şübhəlinin axtarışının davam etdiyini açıqlayıb. Maqnussen ailəsi isə illərdir davam edən mübarizənin əsas məqsədinin ədalət olduğunu bildirir.

Ata Petter Maqnussen qızının ölümünü xatırlayarkən onun son anlarını və ailənin yaşadığı travmanı təsvir edib. O, qızının ölümünün beynəlxalq hüquqda boşluqları göstərdiyini və ekstradisiya sisteminin islah olunmalı olduğunu qeyd edib.

Epşteyn sənədləri ilə yenidən gündəmə gələn iş, yalnız bir qətl hadisəsini deyil, eyni zamanda beynəlxalq hüquq, siyasi təsir və maliyyə şəbəkələrinin cinayət işlərinə mümkün müdaxiləsi ilə bağlı ciddi suallar doğurur.

Aydın
--> -->