Xəbər lenti

Həkimlər Ebola qarşısında aciz qalıb - Virus daha bir ölkədə yayılır
Dünya 13:30 24.05.2026

Həkimlər Ebola qarşısında aciz qalıb - Virus daha bir ölkədə yayılır

Konqo Demokratik Respublikasının şərqində Ebola qızdırması virusu həkimlərin onu izləyə bilməsindən daha sürətlə yayılır.
 
Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bir gün ərzində yoluxan şəxslərin yalnız hər beş nəfərindən birini izləmək mümkün olub.

Yoluxma halları ölkənin üç əyalətində qeydə alınıb. Hazırda azı 83 təsdiqlənmiş yoluxma, 746 ehtimal olunan hal və 1603 təmasda olmuş şəxs müəyyən edilib. Lakin onların hamısı nəzarət altında deyil.

"Bu o deməkdir ki, cavab tədbirləri epidemiyanın sürətindən geri qalır”, deyə məqalədə qeyd olunur.

Konqodakı humanitar və sosial vəziyyət də vəziyyəti daha da ağırlaşdırır. Virus ilk dəfə ölkənin ucqar İturi əyalətində aşkarlanıb. Virusdan ölən kişinin yaxınları cəsədin dəfn üçün onlara verilməsini tələb edir. Həkimlər isə bunun xəstəliyin daha geniş yayılmasına səbəb ola biləcəyindən ehtiyat edirlər.

Yaxınlar və hakimiyyət arasında qarşıdurma yaranıb, xəstələrin müalicə olunduğu çadırlar yandırılıb. İğtişaşlar zamanı azı altı xəstə qaçmağa nail olub.

Bildirilir ki, hazırkı epidemiya Ebola virusunun nadir "Bundibugyo” ştammı ilə bağlıdır. Bu ştamma qarşı təsdiqlənmiş vaksin və ya anticisim əsaslı müalicə üsulu mövcud deyil.

Məqalə müəllifləri qeyd edirlər ki, virusun hakimiyyət orqanları vəziyyəti anlayana qədər aylarla İturi əyalətində gizli şəkildə yayılmış ola biləcəyi ehtimal edilir.

Virus Uqandaya keçib

Şənbə günü Uqanda da Ebola qızdırmasının daha üç yeni halını təsdiqləyib. Beləliklə, mayın 15-də virusun ölkədə aşkarlanmasından bəri yoluxanların sayı beş nəfərə çatıb. Bu barədə "Reuters” məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanlar arasında yerli sürücü, tibb işçisi və qonşu Konqo Demokratik Respublikasının vətəndaşı olan bir qadın var.

"Nazirlik epidemioloji nəzarəti gücləndirməyə, xəstəlik hallarını qeydiyyata almağa, təmasların izlənməsinə və əhali arasında maarifləndirmə işlərinə davam edir”, deyə qurumun açıqlamasında bildirilir.

Bu həftə ilk iki yoluxma halı təsdiqləndikdən dərhal sonra Uqanda Konqo Demokratik Respublikasına gedən bütün ictimai nəqliyyatın fəaliyyətini dayandırıb.

İlk yoluxanlardan biri xəstəliyə qalib gələ bilməyib və bu, Uqandadakı cari Ebola dalğasının ilk ölüm halı olub.

ÜST-nin tövsiyələri

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında baş verən Ebola yayılması ilə bağlı risk səviyyəsini ən yüksək həddə qaldırdığını açıqlayıb.

ÜST ölkələrə laborator testlərin genişləndirilməsi, təmasların izlənməsi və əhali ilə maarifləndirici işlərin sürətləndirilməsi barədə çağırış edib. Eyni zamanda, mütəxəssislərin təhlükəsiz şəkildə zərər çəkmiş ərazilərə çata bilməsi üçün "təhlükəsizlik dəhlizləri”nin yaradılması tövsiyə olunub.

Ebola ilə bağlı son vəziyyət

Xatırladaq ki, virusun yayılması artıq Konqoda onlarla insanın ölümünə səbəb olmuş ola bilər. Bu Ebola ştammı daha əvvəl yalnız iki dəfə — 2007-ci ildə Uqandada və 2012-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.

Ebola dünyadakı ən ölümcül viruslardan biri hesab olunur. Tibbi yardıma çıxış imkanından asılı olaraq ölüm göstəricisi 90 faizə qədər çata bilər.

ÜST bildirib ki, hazırkı epidemiya hələ pandemiya səviyyəsində fövqəladə vəziyyət meyarlarına uyğun gəlmir. Lakin Konqo ilə həmsərhəd ölkələr virusun daha da yayılması baxımından yüksək risk altındadır.
 
Aydın
--> -->