Xəbər lenti

Texnologiya 14:52 07.12.2025

"Apple"dan "qaçış" davam edir: Mühəndislər "OpenAI" və "Meta"ya keçir

Son aylarda "Apple” şirkətinin audio sistemlərdən və ağıllı saatlardan tutmuş robototexnika layihələrinə qədər bir sıra əsas məhsullar üzərində çalışan onlarla mühəndis və dizayneri rəqib "OpenAI” və "Meta” şirkətlərinə keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Jurnal bildirir ki, işdən ayrılanların arasında ən azı dörd aparıcı menecer var. Bu həftənin əvvəlində "Meta”nın rəhbəri Mark Zukerberq "Apple”ın keçmiş dizayn şöbəsinin rəhbəri Alan Dayı işə götürüb.

İyul ayında Zukerberq "Apple”ın süni intellekt bölməsinin rəhbəri Ruominq Panı illik bir neçə on milyon dollarlıq maaş təklifi ilə öz tərəfinə çəkib. Bu hadisə şirkət daxilində mənəvi duruma ciddi təsir göstərib və bəzi aşağı vəzifəli əməkdaşlar da rəhbərlərinin ardınca işdən çıxıblar.

Mənbələrin sözlərinə görə, kadr axınına baxmayaraq, hazırda "Apple” üçün ciddi təhlükə yoxdur. İstifadəçilər hələ də "iPhone” məhsullarından güclü şəkildə asılıdırlar və "iPhone”un mövqelərini sarsıda biləcək inqilabi süni intellekt məhsulu hələ ki, mövcud deyil.

Bununla belə, "Apple”ın süni intellekt sahəsində aydın və uzunmüddətli strategiyasının olmaması rəqiblərin maraqlarına uyğun gəlir. Hələlik vəzifəsində qalan Tim Kuk və yenilənmiş idarəetmə komandasını ciddi bir sınaq gözləyir: şirkəti sürətlə yaxınlaşan süni intellekt dövrünə və bazarda tamamilə yeni cihazların ortaya çıxmasına hazırlamaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->