Xəbər lenti

Ankara sammitində sülh sazişi imzalana bilər? (ŞƏRH)
Siyasət 12:15 17.10.2024

Ankara sammitində sülh sazişi imzalana bilər? (ŞƏRH)

"3+3 formatının Ankara görüşündə Ermənistanı sıxışdıra bilsələr, sülh yolunda bir çox məsələlərin həlli üçün qapını ciddi şəkildə aralamaq mümkün olacaq və indiki vəziyyətdə bunun üçün ən gözəl məkan Türkiyədir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Türkiyədə olacaq 3+3 görüşü ərəfəsi həmin formata Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün effektiv mexanizm kimi baxmasını şərh edərkən deyib.

Ekspert onu da vurğulayıb ki, Rusiya indi zəiflədiyindən belə danışır:

"Zaxarovanın bu açıqlaması növbəti dəfə Rusiyanın riyakar siyasət yürütdüyünü göstərir. Regionda münaqişəni yaradan və onu idarə edən də Rusiyadır. Münaqişənin uzun illər ərzində həllinə imkan verməyən də Rusiya olub. Nəticədə gün gəlir münaqişələri həll etmək bəhanəsilə başqa qlobal güclər prosesə müdaxilə edir. Rusiya indi də vəziyyəti doğru-dürüst qiymətləndirmədən yenə də zamana oynamağa çalışdı ki, bundan da istifadə edərək Qərb prosesə müdaxilə etdi. Moskvanı da regiona bura aid olmayan xarici qüvvələrin müdaxilə etməsi narahat edir. İndi də sülhdən danışırlar. 3+3 formatı da regiona aid olmayan xarici qüvvələrin bura müdaxilə imkanlarını məhdudlaşdırır ki, Moskva da onu sonradan anlayıb. Ona görə də indi Moskva sülhdən danışır, çünki zəif mövqedədir".
 


Həmsöhbətimizin fikrincə, Türkyədə keçiriləcək 3+3 formatı çərçivəsində görüş bir çox məsələlərə aydınlıq gətirəcək və sülhü daha da yaxınlaşdıra bilər:

"Çünki bütün region ölkələri İrəvana başa salacaq ki, Ermənistanın təhlükəsizliyi 10 min km uzaqdan gələn hansısa dəstəklə təmin olunacaq deyil. Bu təhlükəsizlik region ölkələrilə sülh və əməkdaşlıqdan keçir".

Natiq Miri qeyd edib ki, bu səbəbdən burada birləşdirici olmağa ehtiyac var və Türkiyə də ciddi platformadır:

"Zəngəzur dəhlizinin açılması məsələsində də irəliləyiş ola bilər. Ermənistanın regiondan qaçacaq yeri yoxdur. Bu mənada Ermənistanı ciddi şəkildə sıxışdıra bilsələr, bir çox məsələlərin həlli üçün qapını ciddi şəkildə aralamaq mümkün olacaq. İndiki vəziyyətdə bunun üçün ən gözəl məkan Türkiyədir. Qərb burada Rusiyanın dominantlığını istəmir. Türkiyə isə NATO ölkəsi olduğu üçün Qərb Rusiyadansa Ankaranın dominant mövqedə olması ilə barışa bilər. Bu baxımdan, Türkiyədə keçiriləcək görüş yeni imkan və şans kimi də dəyərləndirilə bilər”. 

Qeyd edək ki, oktyabrın 17-18-də Türkiyədə 3+3 formatının növbəti görüşü olacaq. Görüş ərəfəsində Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya "3+3” formatına Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə nail olmaq üçün region ölkələrinin səylərinin əlaqələndirilməsinin effektiv mexanizmi kimi baxır. Bu açıqlama onu düşünməyə əsas verir ki, Türkiyədə olacaq 3+3 formatda görüş Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə də mühüm töhfə verə bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->