“Kütləvi çıxarış” kompaniyasının növbəti ünvanı cəbhə bölgəsi olub


Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən olan “Kütləvi çıxarış” kampaniyası bu dəfə cəbhə bölgəsində yaşayan sakinlərə xidmət göstərib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti kampaniyanın ünvanı Ağdam rayonunun Qaradağlı, Əfətli, Çəmənli və Sarıcallı kəndləri olub. Qeydiyyat xidmətlərinin birbaşa olaraq cəbhə bölgələrində göstərilməsi sakinlərin əlavə ünvana getmədən rahatlıqla əmlaklarına dair sənəd əldə etməsinə imkan yaradıb. Rayonun həmin kəndlərindən olan 220-yə yaxın sakininə qeydiyyatla bağlı xidmət göstərilib. Vətəndaşlar arasında Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri olub. Qaradağlı kəndindən 75 ailə, Əfətlidən 60, Çəmənlidən 50, Sarıcallıdan isə 35 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin birbaşa evlərində qeydiyyat xidmətləri göstərilib. Onların bəzilərinə əmlaklarına dair çıxarışlar təqdim olunub, bəzilərindən isə ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Çıxarışlar verilməmişdən öncə komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilib. Belə ki, əmlakın müayinəsi, çöl-ölçmə işləri aparılıb, texniki plan-ölçüləri müəyyənləşdirilib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 257 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 22.02.2018, 00:05

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM