"Sahil" stansiyasında hansı tədbirlər görülür?


Bakı metropoliteninin “Sahil” stansiyasının avqustun 21-də başlanmış yenidənqurma işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına əsasən sürətlə davam etdirilir.

OTV bildirir ki, stansiyada yaxın günlərdə yeni tipli ekskalatorlar quraşdırılacaq.

Stansiyanın vəziyyətini öyrənmək, təmir həcmini müəyyən etmək məqsədilə müvafiq komissiya yaradılaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumlarının, həmçinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə qiymətləndirmə işləri aparılıb.

“Sahil” stansiyasında təmirin ilk işləri sırasında eskalatorların maili gedişinin üzərindəki tunel geyiminin çətiri, qaynaq üsulu ilə olmaqla metal profilləri və korroziyaya uğramış bərkidici elementləri sökülüb, axıntılar ləğv edilib, tunel geyimi korroziyadan təmizlənməklə müasir korroziya əleyhinə boyaqla rənglənib və yeni örtüyün metal-konstruksiyası quraşdırılır.

“Bakı Metropoliteni” QSC-nin nəzdində fəaliyyət göstərən “Bakımetrolayihə” institutunun layihəsi əsasında maili gediş boyunca eskalatorların yeni dayaqları quraşdırılır. Hazırda yeni eskalatorların yerləşdirilməsi məqsədilə iri həcmli metal konstruksiya işləri tamamlanmaq üzrədir. 

Yeri gəlmişkən, yeniləşdirilən stansiyanın ilk diqqətçəkən böyük dəyişikliyi eskalatorlarla bağlı olacaq. Yalnız bir çıxışı olan, həm də sərnişinlərin sıx istifadə etdiyi bu stansiyada tətbiq edilən mühüm yenilik sökülmüş 3 eskalatorun əvəzinə “Viktoriya” tipli 4 yeni avadanlığın quraşdırılmasıdır. Lakin 4 eskalatorun quraşdırıldığı “28 May” stansiyası ilə müqayisədə, onların buradakı analoqları bir çox üstünlükləri ilə fərqlənəcək. Sərnişinlərin daima əyani müşahidə edəcəyi əsas yenilik hər bir avadanlığın eninin bir metr olmasıdır və bu, stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək.

“Bakı Metropoliteninin” mətbuat katibi Nəsimi Paşayevin OTV-yə verdiyi məlumata görə, o bildirib ki, “bizim məqsədimiz sınaq müddətini başa vurmuş, korroziyaya uğramış avadanlıqların təmiri və onların istifadəyə yararlı hala gətirilməsidir. 50 ildir istifadə olunan stansiyada bu günədək heç bir əsaslı təmir işləri görülməyib. Sahil stansiyasına quraşdırılacaq olan “Viktoriya” tipli ekskalatorlar “28 May” stansiyasındakı ekskalatorlardandır. Amma bir fərqi onda olacaq ki, “Sahil” stansiyasına quraşdırılan “28 May”dakından daha enli olacaq. Qeyd edim ki, planlamamıza görə stansiya 2018-ci il iyulun 1-i istifadəyə veriləcək”.











Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 303 | Kateqoriya: Sosial Tarix: 20.12.2017, 12:59

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM