“Cəngi” qrupu Paris cazsevərləri heyran etdi


“Cəngi” etno-caz qrupu Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin forumunun 15-ci “Jazzycolors” caz festivalında iştirak edib.

OTV xəbər verir ki, səfirliyimizin siyasi işlər üzrə müşaviri Nigar Hüseynova konsertdən əvvəl “Cəngi” qrupunu təqdim edərək Azərbaycan caz musiqisindən danışıb. O bildirib ki, caz musiqisi ölkəmizdə populyardır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi muğam musiqisi ilə birləşərək, son dərəcə yüksək improvizasiyalarla dolu caz-muğamı yaradılıb.

Qeyd edək ki, ötən əsrin 60-cı illərində Vaqif Mustafazadə caz-ritmik musiqisi ilə muğam-həzin musiqisinin sintezindən yeni “caz-muğam”ın əsasını qoyub. 1990-cı illərdə caz musiqiçisi Rafiq Babayev etno-caz “Cəngi” qrupuna yeni həyat verib, qrup 2002-ci ildən Azərbaycan Əməkdar artisti Mircavad Cəfərovun rəhbərliyi və dəstəyi ilə fəaliyyətdədir.


Sonra "Cəngi" qrupunun üzvləri Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (ud), Mircavid Cəfərov (tar), İsgəndər Ələsgərov(zərb alətləri), Ruslan Hüseynov (bas gitara) və Vaqif Hüseynli (piano) Azərbaycan və Fransa bəstəkarlarının musiqilərini səsləndiriblər. “Mahur”, “Çahargah”, “Sirli gecə”, “Mən səni araram” musiqiləri tamaşaçıların alqışları ilə qarşılanıb.

Müəllif: İlhamə Kələyeva | Baxılıb: 24 | Kateqoriya: Mədəniyyət Tarix: 4-12-2017, 18:10

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM