“Air Arabia” aviaşirkətin jurnalında Bakı haqqında məqalə dərc olunub


Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm imkanlarının tanıdılması istiqamətində görülən işlər davam etdirilir. Müxtəlif ölkələrin mətbuat orqanlarında respublikamızla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” aviaşirkətinə məxsus “Nawras” jurnalının 2018-ci il yanvar sayında Bakı haqqında geniş məqalə dərc olunub. Ərəb və ingilis dillərində nəşr olunan jurnalda paytaxtımızın tarixi və müasir mənzərəsi öz əksini tapıb.   

“48 saat Bakıda” adlanan məqalədə müəllif iki gün ərzində paytaxtımızda gəzib gördüyü məkanlardan, qarşılaşdığı məqamlardan söz açır. Şəhərdə tarix və müasirliyin, Qərb və Şərq memarlığının harmoniya təşkil etdiyi vurğulanır: “Xəzər dənizi boyunca uzanan Bakı şəhəri buraya səyahət edənlərə zəngin mədəniyyət, yüksək zövqlü memarlıq abidələri və gözəl təbiət təklif edir. Bu şəhər haqqında çoxlu maraqlı faktlar var. Dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən Bakı həm də “Küləklər şəhəri” adlanır. Dünyada ilk dəfə açıq dənizdən neft məhz bu şəhərdə çıxarılıb. Müsəlman Şərqində ilk dəfə 1908-ci ildə opera (“Leyli və Məcnun”) nümayiş olunub”.

Müəllif Azərbaycanın son illər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırır. Bildirilir ki, Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatını qəbul edəcək şəhərlərdən biridir.

Məqalədə şəhərin keçmişinə, tarixi İpək Yolu üzərində yerləşməsinə, qədim ticarət və mədəniyyət mərkəzi kimi tanınmasına da geniş yer verilir. UNESCO-nun Dünya irsi siyahısına daxil edilən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi memarlıq abidələri və müasir arxitektura nümunələrindən söz açılır. Qeyd olunur ki, son illər Azərbaycan böyük inkişaf yolu keçib, paytaxt Bakı daha da gözəlləşib. Bakı qədimliyin və müasirliyin vəhdət təşkil etdiyi şəhərdir. Qədim tikililərlə yanaşı, yeni inşa olunmuş binalar da memarlıq abidələrinə çevrilməkdədir. Bu baxımdan öz unikallığı ilə seçilən Heydər Əliyev Mərkəzi daha diqqət çəkicidir. Memarı Zaha Hadid olan bu bina müasir görünüşü ilə Bakıya gözəllik bəxş edir.

Yazıda paytaxtımızın mədəniyyət, incəsənət, elm və təhsil mərkəzi kimi böyük inkişaf yolu keçdiyi bildirilir. Müəllif şəhərdəki mədəniyyət ocaqlarından, muzeylərdən bəhs edərək, xarici turistlərin mütləq baş çəkməli olduğu məkanlardan danışır, Miniatür Kitab Muzeyini xüsusi vurğulayır.

Böyük neft və qaz ehtiyatları olan Azərbaycanın qədim tarixi, mədəniyyəti, təbii gözəllikləri ilə yanaşı, yüksək qonaqpərvərliyə və zəngin mətbəxə sahib olduğu da yazıda əksini tapıb.

Qeyd edək ki, “Air Arabia” aviaşirkəti Yaxın Şərqin aşağı qiymətlərə uçuşlar təklif edən şirkətlər arasında liderlərdən hesab olunur.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 264 | Kateqoriya: Manşet / Mədəniyyət Tarix: 10.01.2018, 07:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM