E-xidmətlərdən istifadə statistikası getdikcə artır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası olaraq, son ilərdə aparılan sistem xarakterli islahatlar əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış infastruktrun formalaşmasına və əsasda həmin sahələr üzrə 30-a yaxın elektron xidmətin əhalinin xidmətinə istifadəyə verilməsinə səbəb olub. Əmək və sosial müdafiə sahələri üzrə dövlət xidmətlərinin vətəndaşlara müasir əsaslar üzərində, məmur-vətəndaş kontaktları olmadan şəffaf şəkildə təqdim olunmasına, əhalinin aidiyyatı qruplarına əlçatanlığının təmin edilməsinə imkan verən bu e-xidmətlərdən istifadə statistikası da getdikcə artır.

OTV xəbər verir ki, növbəti göstərici kimi, 2017-ci ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 644 710 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur. O cümlədən, ötən ay müraciətlərin sayı  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti üzrə 31,8 faiz artaraq 250 557-yə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti üzrə 50 faiz artaraq 20 311-ə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 13,8  faiz artaraq 27 496-ya, “Sığortaolunanın onlayn uçota alınması” e-xidməti üzrə 57  faiz artaraq 18 941-ə  çatıb.

Həmçinin “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər e-xidmətlərə müraciətlərin sayında da mütəmadi artım özünü göstərir.

Nazirliyin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) əlillik təyinatlarının müvafiq göndərişi verən səhiyyə müəssisəsinin və göndərişin aid olduğu şəxsin kimliyi bilinmədən, vətəndaş-ekspert kontaktı olmadan, şəffaf şəraitdə həyata keçirilməsinə  imkan yaradıb. “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətləri isə əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etmək üçündür. Bu e-xidmətlərə də maraq artmaqda davam edir. Buna misal olaraq, hər iki e-xidmətə noyabr ayında edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 42 552-yə çatıb.

Ümumilikdə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə böyük sosial tələbin və ictimai marağın göstəricisi kimi, ötən dövrdə həmin e-xidmətlərə 22 milyon 200 min dəfə müraciət olunub ki, bu da  “Elektron hökumət” portalına ümumi müraciətlərin 38 faizini təşkil edir.


Müəllif: İlhamə Kələyeva | Baxılıb: 38 | Kateqoriya: İqtisadiyyat Tarix: 6-12-2017, 13:04

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM