Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından istifadə vətəndaşlar üçün daha da rahatlaşıb: portalın dizayn və funksionallığı təkmilləşdirilib


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət idarəetməsinin modernizasiyası, operativliyin artırılması, idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması, xidmətlərə olan əlçatanlığın artırılması istiqamətində mühüm tapşırıqlar verilir. Bu tapşırıqlardan irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsi də əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması yönündə mütəmadi yeniliklər tətbiq edir.

OTV xəbər verir ki, komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini genişləndirir. Daşınmaz əmlak idarəçiliyi ilə bağlı komitənin elektron xidmətlər portalının (e-emdk.gov.az) dizaynı və funksionallığı daha da təkmilləşdirilib. Portaldan istifadənin operativliyi artırılıb, rahatlığı təmin edilib, xidmətlərdən istifadə üsulları daha da sadələşdirilib.

Məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, müasir yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsidir. Eyni zamanda əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərin daha müasir və effektiv üsullarla elektron müstəviyə keçidinin tam təmin olunması da əsas vəzifələrdəndir.

Vətəndaş məmnunluğunu ön planda saxlayan Komitə əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayına görə seçilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 37 elektron, o cümlədən 3 onlayn və 3 SMS xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi elektron xidmətlər daşınmaz əmlak idarəçiliyinin müxtəlif seqmentlərini əhatə edir. Belə ki, elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir.

Daşınmaz əmlaka dair çıxarışların, Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi, elektron çıxarışın əldə olunması, xidmət haqqının ödənilməsi kimi interaktiv xidmət hesab olunan elektron xidmətlər vətəndaşlar tərəfindən daha çox istifadə edilir. Bundan başqa hərracların canlı izlənməsini təmin edən onlayn hərrac, kiçik müəssisələrin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmətlər ziyarətçilərin marağına səbəb olub.

İnformativ xidmətlərdən olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, əldə etmək istənilən ərazidə evlərin təqribi bazar qiymətini müəyyən edən elektron xidmətlər də əhəmiyyətinə görə fərqlənir.

Qeyd edilməlidir ki, e-emdk.gov.az portalında əhalinin rahatlığını təmin edən 13 əsas bölmə istifadədir. Vətəndaşlar qanunvericilik bölməsinə daxil olmaqla bu sahədə mövcud olan qanunlarla, ölkə başçısı tərəfindən imzalanan fərman, sərəncamlarla, müvafiq icra hakimiyyəti orqanının qərarları ilə tanış ola bilərlər. Bu isə onların hansı hüquqlara sahib olduğunu bilməkdə köməklik göstərir.

Hər hansı bir xidmətin yerinə yetirilməsi üçün əvvəlcədən lazım olan sənədlərin müəyyən edilməsi, xidmətin məzmunun nədən ibarət olduğu kimi amilləri öyrənmək də mümkündür. Belə ki, istifadəçilər inzibati reqlamentlər bölməsinə keçid etməklə elektron xidmətlərin göstərilməsi üçün inzibati prosedurlar, onların hüquqi əsası, məzmunu ilə tanış ola bilərlər. Nəticədə onlar xidmətin növü, icra müddəti, lazımi üzrə ödəniş, xidməti göstərən qurumun adı haqqında ətraflı məlumat əldə edirlər.

Bundan başqa portalda xidmətlərin ərizə formalarının nümunələri də yer alıb. Belə ki, ziyarətçilər ərizə formaları bölməsinə daxil olmaqla dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, qeydiyyatla bağlı müvafiq ərizə formalarının nümunələri ilə tanış ola bilərlər. Bununla vətəndaşın ərizə formasını əldə etmək üçün müvafiq quruma gəlməsinə ehtiyac qalmır.

Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də göstərilən xidmətlər üzrə tutulacaq dövlət rüsumunun və xidmət haqqı taarifinin məbləğinin müəyyənləşdirilməsidir. Komitə bu amili nəzərə alaraq elektron xidmətlər portalında (e-emdk.gov.az) yerinə yetiriləcək xidmətlər üçün tələb olunan dövlət rüsumu və xidmət haqqı tarifləri barədə ətraflı məlumat yerləşdirib.Dövlət rüsumu bölməsinə daxil olmaqla daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri, eyni zamanda dövlət rüsumundan azadolmalar barədə informasiya ilə tanış olmaq mümkündür. Qeyd edilməlidir ki,vətəndaşların daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat almaq imkanını təmin edən Əmlakın Qeydiyyatı Kalkulyatoru da istifadədir. Bununla onlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək.Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir.

İstifadəçilərin xidmətləri yerinə yetirmək üçün elektron xidmətlər bölməsinə keçid etməsi kifayətdir. Daxil olduqdan sonra isə lazım olan xidmət seçilir. Xidmətlərə elektron imza, Asan imza ilə daxil olmaq mümkündür.

Ziyarətçilərin portala keçid etməklə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərin statistikası ilə tanış olmaq imkanı da var. Belə ki, onlar ümumilikdə elektron xidmətlərdən istifadənin, eyni zamanda ərazi idarələri üzrə elektron müraciətlərin sayı barədəki statistik göstəricilərlə tanış ola bilərlər. Eyni zamanda elektron xidmətlərdən istifadənin sayında hər bir sahənin xüsusi çəkisi göstərilir. Həmçinin illər üzrə edilən elektron müraciətin sayında dinamikanın hansı səviyyədə olmasını müşahidə etmək mümkündür.

Vətəndaşlar xidmətlərin yerinə yetirilmə qaydasını bilmək istəyirlərsə istifadə qaydalarına daxil olmaları kifayətdir. Onlar bununla, fəaliyyət göstərən bütün elektron xidmətlərin istifadə üsülları haqqında ətraflı məlumat əldə edə bilər. Bu isə insanlarda xidmətlərdən necə istifadə edə bilərəm kimi əlavə sualların yaranmamasına imkan verir.

Portalda ictimai agahlıq, ictimai nəzarət prinsipləri də təmin olunub. Belə ki, vətəndaşlar müvafiq bölməyə daxil olmaqla rəy və təkliflərini komitəyə ünvanlaya bilərlər. Bu isə xidmətlərdə şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə, ictimai fikrin müəyyənləşdirilməsinə şərait yaradır.

Qeyd edək ki, komitə vətəndaşın xidmətə deyil, xidmətin vətəndaşa çatdırılması məqsədilə cari ildə də elektron xidmətlərin sayını artıracaq.




Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Əfsanə Qafarova | Baxılıb: 106 | Kateqoriya: İKT Tarix: 11.01.2018, 16:29

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM