Azərbaycanlı tələbə milli brauzer yaratdı.


Azərbaycanlı  tələbə milli  brauzer  yaratdı.

UNEC-in tələbəsi “Butterfly” adlı mobil brauzer yaradıb. Layihə rəhbəri Şamxal Hüseynli OTV-yə verdiyi müsahibəsində bildirib ki, bu milli brauzer yaddaşına görə digər brauzerlərdən fərqlənir. Onun sözlərinə görə  “Butterfly” Ad-blocker funksiyası ilə özünü avtomatik yeniləyə bilir.

- Nəyə görə milli brauzerə “Butterfly” adını qoydunuz. Xüsusi bir mənası var mı?

- Bu ad xüsusi bir məna kəsb etmir. Milli ad qoymadıq, çünki Azərbaycanda yaradılmasına baxmayaraq, “Butterfly” dünya brendidir. Əgər hansısa milli fundamentin adını qoymuş olsaydıq dünya bazarına çıxmaq şansımız az olacaqdı. “Butterfly” adı daha çox aktual olduğuna görə bu adı seçdik. Qeyd edim ki, bu adın seçiminə kollektivimizlə birgə qərar vermişik.



- Bu brauzeri yaratmağa sizi nə vadar etdi?

- Azərbaycanda İKT səviyyəsini araşdırdıq. Nəticədə gördük ki, səviyyə çox aşağıdır və Azərbaycanın mobil axtarış sistemi yoxdur. Beləliklə, dostum Çingiz ilə birgə yenilik etmək istədik və ilk mobil brauzeri yaratdıq.


- Layihə nə zaman başlayıb?

- Biz bu layihəni 2014-cü ildə sinif yoldaşım Çingiz Məmmədov ilə birlikdə başlatmışıq. Layihənin icraatında yerli proqramistlər və dostlarımız dəstəkçimiz oldu. Əsas yük mən və Çingizin üzərindəydi. Layihə başlanandan bu günə heyyətimiz də dəyişmədən qalıb.


- “Butterfly”ın digər mobil brauzerlərdən fərqi nədir ?

- Digər brauzerlərdən fərqimiz ondadır ki, “Butterfly” digər brauzerlərlə müqayisədə telefonlarda daha az yer tutur. Bu gün əsas problemlərimizdən biri telefonların yaddaşının tez dolmasıdır. Biz “butterfly”ı yaradaraq istifadəçilərə telefonlarda yaddaş problemlərinin bir qədər azalmasına kömək etmiş olduq. Məsələn, “Play Store”da “Google Chrome” 86 mb yaddaş əhatə edirsə, bizim axtarış portalı cəmi 3,12 mb yaddaş tutur. Bundan əlavə “butterfly” da Ad-bloker funksiyası avtomatik olaraq yerləşdirilib ki, istifadəçilər rahatlıqla xoşagəlməz reklamları aradan qaldıra bilsinlər.


- Layihəni yaradanda hansı problemlərlə üzləşdiniz ?

- Layihə ilə bağlı elə də ciddi problemlər yaşamamışıq. Əvvəla onu qeyd edim ki, layihəni planlamazdan əvvəl əsas layihə rəhbərinin işin uğurlu olacağına inanmasıdır. Düşünürəm ki, inam olarsa, nəticədə uğuru da gerçəkləşdirmək mümkündür. Bu layihədə biz heç bir çətinlik çəkmədik, çünki hər şeyi əvvəlcədən proqramlaşdırdıq və ardıcıl olaraq belə də davam etdik. İşə məsuliyyətlə yanaşdıqda uğur özü gəlib sizi tapır.


- Layihənin hansı uğurları olub ?

- Layihəmiz ilk Azərbaycanda “Sabahın Alimləri” adlı III və IV Respublika müsabiqələrinin qalibi olub. “Butterfly” brauzeri Amerikanin nüfuzlu “İNTEL” şirkətinin xüsusi qrantını aldıqdan sonra, Çində “Beynəlxalq Elm Festivalı”nda 1-ci yer tutaraq Azərbaycana gəlib. Həmçinin Türkiyədə “TUBİTAK” proqramından beynəlxalq sertifkat alıb. Qeyd edim ki, layihəmiz yaxın gələcəkdə Qafqaz Universitetində keçiriləcək “III Qış Elm festivalı”nın iştirakçısı olacaq və Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edəcək.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Nəzrin Süleyman | Baxılıb: 379 | Kateqoriya: İKT Tarix: 20.12.2017, 16:56

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM