Mərkəzi Seçki Komissiyasinin sədri Iranin səfiri ilə görüşüb


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.


Qonağı salamlayan sədr Məzahir Pənahov MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib.


Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Cavad Cahangirzadə iki ölkə arasında sıx əlaqələrin olduğunu və günbəgün inkişaf etdiyini bildirib. O, Azərbaycanda seçkilərin hər zaman böyük maraqla izlənildiyini qeyd edərək, ölkəmizin seçki sistemi, seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlər və bu il keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqlarla maraqlanıb.


İranlı diplomatın suallarını cavablandıran sədr Məzahir Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq və xarici qurumlarla əməkdaşlığa həmişə açıqdır və bu münasibətlər əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir. MSK sədri həmçinin, seçkilərin yüksək səviyyədə təşkil olunub, azad və ədalətli keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin olduğunu vurğulayaraq, ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün gerçəkləşdirilməsi nəzərdə tutulan irimiqyaslı layihələrdən ətraflı söhbət açıb.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Əfsanə Qafarova | Baxılıb: 62 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 08.02.2018, 16:57

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM