Misir mətbuatı 20 Yanvar faciəsindən yazıb


OTV bildirir ki, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun 20 Yanvar hadisəsi ilə bağlı “Qara Yanvar qurbanları ədalət axtarır” sərlöhvəli məqaləsi Misir mətbuatında yayılıb. Məqalədə qeyd olunur ki, Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsindən 28 il ötür.

Faciə ilə bağlı misirli oxucuya ətraflı məlumat verən müəllif bildirir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi: “Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi”.

Məqalədə daha sonra bildirilir ki, 28 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 147 insanın xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Diaspor rəhbəri Azərbaycan xalqına qarşı mövcud olan ikili standartın Misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “əl-Həqq əl-Murr”(“Acı həqiqət”) kitabında da öz əksini tapdığını qeyd edir.

Məqalənin sonunda insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumması təəssüflə vurğulanır. Qeyd olunur ki, Azərbaycan xalqı bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacağı günü gözləyir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Əfsanə Qafarova | Baxılıb: 356 | Kateqoriya: Gündəm / OTV Xəbər / Dünya Tarix: 22.01.2018, 12:06

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM