Sumqayıtdan işləyən bu avtobuslardakı qanunsuz oturacaqlar təhülkə yaradır-Narazıçılıq » OTV - İnternet Televiziyası

Sumqayıtdan işləyən bu avtobuslardakı qanunsuz oturacaqlar təhülkə yaradır-Narazıçılıq


Son zamanlar Sumqayıt şəhərinə müasir standartlara cavab verən xeyli sayda  sərnişin avtobusları gətirilib, marşrut xətlərindəki bir çox köhnə avtobuslar iritutumlu və komfortlu yeniləri ilə əvəzlənib.

Amma şəhərdaxili sərninişin daşınmada müəyyən müsbət irəliləyişlər olsa da Sumqayıt Avtovağzalından Bakıya  və Yarmarka (Sədərək TM və Binə TM) istiqamətində və əksinə istiqamətdə  işləyən   509 saylı marşrut avtobusları  sərnişinlərin həyatı üçün təhlükə mənbəyi olaraq qalır. Sumqayıt şəhər İcra Hakimiyyətinin “Sumqayıt Nəqliyyat” MMC-in rəhbəri Xannı Rüstəmov mətbuata açıqlamalarında tez-tez deyir ki, onların nəqliyyat müfəttişləri yoxlamalar keçirir, avtobuslara nəzarət edir, amma deyilən marşrut xəttindəki avtobusların əksəriyyəti standartlara uyğun gəlmir. Bu bir yana qalsın, adıçəkilən avtobusların demək olar ki, hamısında daha çox sərnişin yığmaq üçün qanunsuz olaraq kustar üsulla əlavə oturacaqlar quraşdırılıb  ki, bu da sərnişinlərin həyatını risk altına qoyur. Çünki bunlar yol-nəqliyyat qəzaları zamanı faciənin fəsadlarını artırır, belə olan halda ölüm hallarının, yaralıların sayı artır. Bu həm də nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozulması deməkdir. Bu marşrut xəttlərində  hər gün 100-lərlə avtobus işləyir  və onların əksəriyyətinin salonunda konstruksiya dəyişikliyi edilib.Ya ortaya əlavə oturacaqlar quraşdırılıb, ya oturacaqlar sıxlaşdırılır ki,daha çox adam mindirmək olsun və qazanc çox götürülsün.Əlavə oturacaqlar təkcə ortada yox,əsas oturacaqlar olan hissədə, arxada da qoyulub  deyə bu avtobuslarda heç tərpənmək belə olmur, bir qayda olaraq nəzərdə tutulduğundan çox insan daşınır.

Təhlükəsizliyin təmin edilməməsi bir yana, belə avtobuslarda yol getmək çox sığıcıdır və insanda narahahatçılıq doğurur. Burada komfortdan söhbət belə gedə bilməz. Bu marşrutdakı avtobuslarda ayaqları belə rahat yerləşdirmək olmur, arxa oruracaqdan kimsə yolda düşmək istəyəndə mütləq qabağındakı əlavə oturacaqlarda oturanlar bir-bir durmalıdır ki, bu həm vaxt aparır, narazıçılıq doğurur, sərnişinlər yolboyu sıxıla-sıxıla otururlar.

Məgər “Sumqayıt Nəqliyyat” bunları görmür?! Bunun üçün reyd-zad keçirməyə ehtiyac yoxdur. Ola bilməz ki, bu biabırçı haldan nəqliyyat sahəsinə məsul, aidiyyatı şəxslərin xəbəri olmasın. Sadəcə olaraq çox güman ki, ortada “haqq” məsələdi var ki, bu qanunsuzluğa göz yumulur. Əgər həqiqətən görmürlərsə gəlib avtobusların  içinə girib öz gözləri ilə görə bilərlər ki, onun sürücüləri tərəfindən orada avtobusların  konstruksiyalarının başına nə oyunlar açılıb.

Tez-tez  eşidirik ki, Sumqayıtda filan yerdə qanunsuz sərnişindaşınma ilə məşğul olan filan təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitəsi xəttdən çıxarılıb, cərimə olunub, avtobus ya mikroavtobus  cərimə meydançasına aparılıb, salonunda olan əlavə oturacaqlar yerində sökülüb, sürücülər barəsində protokol tərtib edilib, nə bilim nə.. 

Ancaq Sumqayıt Avtovağzalındakı adıçəkilən bu avtobuslar qeyri-qanuni işləmir, avtovağzaldan tam qanuni şəkildə icazə ilə reysə çıxır.

Bəs niyə bu avtobuslar dəyişdirilmir, əgər dəyişdiriləcəksə belə niyə göz yumulur tədbir görülümür bu qanunsuzluğa?!

Bu acınacaqlı vəziyyət, qanunsuzluq haqda  Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də tez-tez çıxış edib danışır. Bu məsələni də Kamran müəllim diqqətdə saxlasaydı yaxşı olardı.

Bildiyimiz kimi “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindədir. Buna görə ümid edirik heç olmasa  Sumqayıt İcra hakimiyyəti, icra başçısı Zakir Fərəcov bu məsələyə əncam çəkəcək.

Sürücülərin və nəqliyyata məsul şəxslərin bu cür yolla  çox qazanc götürmək istəyi çoxlu sayda insanın həyatının itirməsinə səbəb olur.

Buna ən bariz nümunə keçən ilin martında Abşeron rayonunda  baş vermiş  faciə ilə sonunclanmış  yol qəzasını göstərmək olur.

Xatırladaq ki, o zaman  Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.  

Həmişə belə  dəhşətli yol-nəqliyyat qəzası olandan sonra reydlər olur və bir-iki gün hansısa tədbirlər görülür qanunsuzluqlarla bağlı, amma sonra yenə hər şey öz köhnə-qanunsuz  qaydasında davam edir. Görünür buna maraqlı qüvvələr var.

Onu da qeyd edək ki, bu avtobusların fəaliyyət göstərdiyi Sumqayıt Avtovağzalının da yenilənməsinə ehtiyac var. Çünki bu Avtovağzal müasir standartlara  heç cavab vermir, keçən əsrin 70-ci illərin sovet avtovağzallarını xatırladır. Burada xidmət, komfort sıfır səviyyəsindən də aşağıdır, formal xarakter daşıyan kassa olsa da bilet sistemi ümumiyyətlə yoxdur, xaos, cəngəllik, dərəbəylik hökm sürür Sumqayıtın Avtovağzalında. Halbuki şəhərə gələn turistlər şəhərin giriş qapısı sayılan avtovağzallara görə şəhər haqda mühakimə yürüdür. Hətta, indi ən ucqar rayonlar var ki, onların avtovağzalları ölkənin əhalisinə görə  2-ci böyük şəhərdəkindən yaxşıdır. Hər halda hörmətli Zakir müəllim bunu nəzəratə götürüb bir tədbir görsəydi  idi pis olmazdı...




Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Əfsanə Qafarova | Baxılıb: 429 | Kateqoriya: Gündəm / Sosial Tarix: 28.03.2018, 11:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM