ADNSU Çin üçün Magistr və Doktorant hazırlayacaq


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində dekabrın 22-də Lançjou Maliyyə və İqtisadiyyat Universitetində olub. Çinin ən nüfuzlu və müasir universitetlərindən biri olan Lançjou Maliyyə və İqtisadiyyat Universitetinin rektoru, professor Fu De Yin qonaqları salamlayaraq Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti haqqında məlumat verib. O rektoru olduğu ali məktəbin ADNSU ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinə maraq göstərdiyini bildirib.

OTV bildirir ki, rektor, professor Mustafa Babanlı ADNSU-da Çin universitetləri ilə əlaqələrin qurulmasına xüsusi önəm verildiyini qeyd edərək Lançjou Maliyyə və İqtisadiyyat Universiteti ilə əməkdaşlığın mümkün istiqamətlərinə toxunub. ADNSU-nun neft və kimya sənayesi üçün kadrların hazırlanmasında zəngin təcrübəyə, yüksək ixtisaslı professor-müəllim heyətinə malik olduğunu söyləyən rektor M.Babanlı universitetdə qeyri-neft sənayesi, İT, iqtisadiyyat və menecment ixtisasları üzrə də yüksək təhsil verildiyini vurğulayıb. Hazırda ADNSU-da bakalaviatura və hazırlıq pilləsində 100-dən artıq Çin vətəndaşının təhsil aldığını qeyd edən rektor M.Babanlı onların sayının artırılması üçün geniş imkanların olduğunu qeyd edib.

Danışıqların nəticəsi olaraq ADNSU rektoru M.Babanlı və Lançjou Maliyyə və İqtisadiyyat Universitetinin rektoru Fu De Yin iki ali məktəb arasında Bakıda magistr və doktorantların hazırlanması, birgə elmi araşdırmaların aparılması, tələbə və müəllimlərin mübadiləsinə dair müqavilə imzalanıb.

Xatırladaq ki, son iki il ərzində ADNSU Çinin bir neçə nüfuzlu ali məktəbi, o cümlədən Çin Neft Universiteti, Şanxay Universiteti, Lançjou Universiteti və daha bir neçə ali məktəblə səx əməkdaşlıq əlaqələri yaradıb.



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 87 | Kateqoriya: Elm Tarix: 25.12.2017, 19:14

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM