"Roma Papasının kimliyindən asılı olmayaraq, onun beynəlxalq siyasətdə mənəvi rolundan başqa hər hansı bir digər missiyasının olduğunun şahidi olmamışıq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Vatikanda ABŞ-dan olan şəxsin yeni Roma Papası seçilməsini şərh edərkən deyib.
Azər Qasımov bildirib ki, Vatikanın və katoliklərin yeni Papa seçməsi xristian dünyasının tarixi ənənəsidir və onlar buna böyük əhəmiyyət verirlər:
"Vatikanın tək xristian yox, bütün dünyada əhəmiyyətli rol oynadığı konspirativ nəzəriyyələr doğursa da, müəyyən mənada Vatikan adlanan kiçik dövlətin böyük gücünün olduğu deyilir. Vatikan beynəlxalq siyasətdə mistik məna daşıyır. Əslində kimsə Vatikanın dünyada mənəvi rolundan başqa bir rolunun açıq şəkildə şahidi olmayıb. Sadəcə Vatikan qədim kitabxanası ilə tanınıb".
Ekspert hesab edir ki, yeni Papa seçilməsinin mənəvi roldan başqa rolunun olmasını qəbul etmək siyasi naşılıqdır:
"Vatikan sadəcə bir mənəvi dini mərkəz kimi dini kəsim üçün əhəmiyyətli ola bilər. Təbii ki, siyasi elita arasında da dindar kəsim olduğu üçün Vatikanın varlığına sitayiş edə bilərlər. Amma şəxsən bu dini mərkəzin dünyada hansısa dövlətlərdən üstün gücünün olduğuna da əhəmiyyət vermirəm".
Həmsöhbətimizin fikrincə, Roma Papası vəzifəsinə ilk dəfə ABŞ-dan olan şəxsin seçilməsi də müəyyən mənada simvolik xarakter daşıyır:
"Tramp da Papa geyimində şəkil çəkdirməklə müəyyən mesajlar verə bilər. Bununla da müəyyən dairələrə nəsə çatdırmaq istəyər. Papanın seçilməsində belə söz sahibi olduğunu göstərmək istəyər. Amma bütün bunlar heç bir halda Papanın siyasi anlamının simvolik anlamından çox olduğu anlamına gəlmir. Müsəlman dünyasında xəlifəliyin ləğvindən sonra yaranan parçalanma baxımından Papa da xristian dünyasında birlik yaratmaq rolu oynamaqdan başqa ciddi fiqur deyil. Təbii ki, bu rol da böyük amildir".
Qeyd edək ki, xristian dünyanı nəhayət yeni Roma Papasını seçib. Bu ABŞ vətəndaşı olan Robert Françis Prevostdir. O, XIV Lev adı ilə Papa vəzifəsini icra edəcək.
Onu da xatırladaq ki, hələ bir müddət əvvəl mətbuatda ABŞ prezidenti Donald Trampın Papa qiyafəsində şəkli yayılmışdı. Bu fonda amerikalının Papa seçilməsi də o anlama gəlir ki, bu addımın gerçəkləşməsində Av Evin marağı və təsiri də öz sözünü deyib.
Rüfət Sultan
Şərhlər