Xəbər lenti

Vətəndaş nikahlarının sayı niyə artır? - Ekspertdən həyəcan təbili
Ölkə 20:41 23.04.2024

Vətəndaş nikahlarının sayı niyə artır? - Ekspertdən həyəcan təbili

"Azərbaycanda vətəndaş nikahı populyar olub. Artıq kəbin də kəsdirənlərin də sayı azalıb. Gənclər "salam" verib bir yerdə yaşamağa razılaşırlar. Sonda da sağollaşmadan ayrılırlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu insanların vətəndaş nikahları altında yaşamağa üstünlük verməsinin səbəblərini izah edərkən deyib. 

Sosioloq hesab edir ki, bunun səbəbi insanların az məsuliyyət hiss etməsi və eləcə də boşama prosesinin asan olmasıdır:

"Deyirlər, mollaya deyəcəyik, kəbini geri oxudacağıq. 60-cı illərə kimi vətəndaş nikahına çox ciddi baxılırdı və bu indiyə kimi belədir. Belə adamlara qız da vermirdilər. Amma indi vətəndaş nikahı bir az qabağa gedib. Son vaxtlar geniş yayılan bir hal var. Bir kişinin ailəsi var, amma kənarda kiminləsə də gizlin yaşayır. Hətta bəzən buna qadınların özləri də razı olurlar. Bu istiqamətdə cəmiyyətdə əxlaqi normalarda boşluq yaranmaqdadır. Əvvəl ailəsi olan, yaxud da olmayan adamın kənarda kiminləsə yaşamasına çox sərt baxırdılar".
 


Əhməd Qəşəmoğlu bildirib ki, həm qanunlar, həm də ictimai rəy vətəndaş nikahının əlehinə idi:

"İnsanların nə qanun qarşısında ciddi qorxuları var, nə də ictimai qınaqla qarşılaşmaqdan qorxurlar. Hətta bunlara adi qəbul olunmuş hal kimi qəbul edirlər. Hətta bəzən də deyirlər ki, İslamda 4 qadına icazə var. Bəzən isə vətəndaş nikahı qadınlardan gələn təkliflə yaranır. Qadın deyir ki, bir halda ki, təkəm qoy sevdiyim adamla ömrümü başa vurum. Səbəb də ailə unstitutlarının olmaması, məsuliyyətsizlik və cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərə qarşı münasibətlərin zəifləməsidir”.
 
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı vətəndaş nikahları barədə danışıb. Deputat bildirib ki, vətəndaş nikahı Avropadan Azərbaycana keçib. "Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır. Amma Azərbaycanda isə getdikcı artır" deyə deputat bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, vətəndaş nikahı qanunsuzdur: "Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->