Xəbər lenti

Ukraynaya 20 minədək sülhməramlı göndəriləcək: Qüvvələrin bölünməsi və Türkiyənin rolu
Dünya 16:33 06.01.2026

Ukraynaya 20 minədək sülhməramlı göndəriləcək: Qüvvələrin bölünməsi və Türkiyənin rolu

Atəşkəs əldə olunacağı təqdirdə Ukraynadakı sülhməramlı kontingentin sayı 15 mindən 20 minə qədər ola bilər.

Qaynarinfo xəbər verir ki, "Azadlıq Radiosu"nun (Radio Svoboda) məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən "İstəklilər Koalisiyası"nın (Coalition of the Willing) iclasında Ukraynanın təhlükəsizliyi ilə bağlı "konkret öhdəliklər" təqdim etməyə ümid etdiyini bildirib. Planın məqsədi atəşkəs elan edildiyi təqdirdə sülhməramlı qüvvələrin tərkibi və yerləşdirilməsi ilə bağlı tam aydınlığın olmasıdır.

"Bəzi rəsmilər bildirirlər ki, müxtəlif Avropa paytaxtlarında kontingentin sayı ilə bağlı fərqli rəqəmlər səslənir. Bu rəqəmlər 15-20 min arasında dəyişir, lakin bəziləri dəniz, hava və quru sahələrinin təhlükəsizliyini təmin edəcək sülhməramlıların sayının 30 minə yaxın olacağına ümid edirlər", – deyə materialda qeyd olunur.

Hələlik rəsmi hərbi planlar açıqlanmasa da, qoşunların əsas hissəsini quru və hava komponentlərinə cavabdehlik daşıyacaq Fransa və Böyük Britaniyanın təmin edəcəyi gözlənilir. Türkiyə isə Qara dənizdəki nəqliyyat yollarının təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürəcəyinə dair siqnal verib.

Lakin nəşrin yazdığına görə, "İstəklilər Koalisiyası" qüvvələrinin təmas xəttinə nə dərəcədə yaxın olacağı hələlik qeyri-müəyyəndir. Avropalı rəsmilərin əksəriyyəti bu qüvvələrin Ukrayna ordusuna dəstək və təlim vermək məqsədilə ölkənin qərbində yerləşdiriləcəyini ehtimal edir.

Prezident Volodimir Zelenski bəyan edib ki, beynəlxalq qoşunların Ukraynadakı mövcudluğu istənilən təhlükəsizlik zəmanəti üçün zəruri şərtdir.

Onun sözlərinə görə, bu, tərəfdaşların artıq təklif etdiyi zəmanətlərin gücləndirilməsi olacaq:

"Bu, ilk növbədə Ukrayna vətəndaşlarının — həm mülki, həm də hərbçilərin əminliyidir. Bu, həmçinin yerli və beynəlxalq biznesin, investorların Putinin yenidən təcavüzlə Ukraynaya gəlməyəcəyinə dair əminliyidir".

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bir müddət əvvəl Ukraynaya daxil olacaq hər hansı xarici sülhməramlı kontingentin Rusiya üçün "qanuni hərbi hədəf" hesab olunacağını bəyan etmişdi.

Alpər
--> -->