Xəbər lenti

Türkiyə-İsrail savaşı başlayarsa... (ŞƏRH)
Dünya 14:35 09.01.2025

Türkiyə-İsrail savaşı başlayarsa... (ŞƏRH)

Suriyadakı mövcud vəziyyət Türkiyə ilə İsrail arasında onsuz da yumşaq olmayan vəziyyətin daha da gərginləşdirdi. İsrailin "The Jerusalem Post" nəşri Netanyahu hökuməti tərəfindən yaradılan və müdafiə büdcəsi və təhlükəsizlik strategiyası üzrə analizlərlə məşğul olan Nagel Komitəsinin hesabatına əsasən bu qənaətə gəlib ki, Təl-Əviv Türkiyə ilə müharibəyə hazırlaşır. Belə ki, həmin komitə İsrail hökumətinə Türkiyə ilə müharibəyə hazırlaşmağı tövsiyyə edib. 

Sənəddə deyilir ki, İsrail Türkiyənin Osmanlı imperiyasını bərpa etmək cəhdlərinə qarşı bu ölkə ilə birbaşa konfrantasiyaya hazır olmalıdır.
 
Sənəddə  Türkiyənin regionda qeyri-stabil vəziyyət yaratmaq üçün Suriyadan olan silahlı qruplaşmalarla birləşib proksi müharibəsi aparmağa cəhd edəcəyi risqinin olduğu göstərilir.
 
Qeyd edilir ki, Suriya tərəfdən  təhlükə İrandan gələn təhlükədən də daha dəhşətli ola bilər. Bu əsasda sözügedən  komitə yaxın 5 il ərzində İsrailin hərbi büdcəsinin 15 milyard şekelə (4,1 milyard dollar) qaldırmağı və İordan çayı sahilində müdafiə baryerləri tikməyi təklif edib.
 
Bu hesabat yanvarın 6-da baş nazir Benyamin Netanyahuya, müdafiə naziri İsrael Katsu və maliyyə naziri Betsalel Smotriçə təqdim edilib. Netanyahu isə deyib ki, Yaxın Şərqdə fundamental dəyişikliklərin şahidi olmaqdayıq. "İran uzun müddət bizim əsas rəqibizim olub. Lakin indi arenaya yeni   qüvvələr çıxır və biz gözlənilməz hadisələrə hazır olmalıyıq".
 
Bu açıqlama onsuz da gərgin olan Ankara Təl-Əviv münasibətlərinin Suriya hadisələri fonunda daha da gərginləşə biləcəyinə işarədir. Bu fonda bölgədə yeni müharibənin Türkiyə ilə İsrail arasında ola biləcəyinə dair ehtimallar da artır. 

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan bundan əvvəl Livan, İraq və Suriyadan sonra Türkiyənin özünün də İsrail tərəfindən hədəfə gələcəyini bildirib. Bu isə o  deməkdir ki, rəsmi Türkiyə İsrailin Nagel  Komitəsinin hesabatının nədən ibarət olacağından əvvəlcədən xəbərdar olub. 
 
Xatırladaq ki, Türkiyə İsrailin Qəzza bölgəsi və Livanda həyata keçirdiyi hərbi əməliyyatlara qarşı çıxıb. Prezident Ərdoğan hətta İsrail baş naziri Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qəbul olunan qərarları da dəstəkləyib. Verilən bu açıqlamalar Akara ilə Təl-Əviv arasında toqquşmanın olacağını ehtimal edir. Ən azından, tərəflərdən ya hər ikisi, ya da  biri bunda maraqlı görünür. Lakin mövcud vəziyyət Türkiyə ilə İsrail arasında birbaşa  toqquşmanı istisna edir. Ən azından ona  görə ki, hər iki tərəfin müttəfiqi olan ABŞ buna imkan verməyəcək. Çünki həmin  müharibənin alovlanması ABŞ-ın rəqibləri olan Rusiya, İran və Çinin maraqlarına xidmət edir. Prezidentlik postunu təhvil  almaq ərəfəsində olan Trampın birinci Prezidentlik dövründə İsrailpərəst mövqeyilə seçildiyini nəzərə alsaq, Türkiyənin də İsraillə birbaşa toqquşmaya getməkdə maraqlı olduğunu söyləmək çətindir. Rəsmi Ankaranın İsraillə  münasibətdə Vaşinqtonu narazı salacaq addımlar atmaqdan çəkinəcəyini ehtimal edə bilərik. Çünki bu  halda Tramp adminstrasiyası NATO üzrə müttəfiqi Türkiyəni deyil, birmənalı şəkildə əsas strateji tərəfdaşı olan İsrailin yanında olacaq. Amma reallıqda Vaşinqton   ümumiyyətlə bu müharibənin alovlanmasına imkan verməyəcək. Bu mənada, İsrail tərəfinin Trampın səlahiyyətlərə başlaması ərəfəsində verdiyi belə açıqlamalar sadəcə olaraq, Suriyada öz maraqlarının təmininə nail olmaq üçün Ankaraya hədə-qorxu gəlmək məqsədi daşıyır. Ona görə də müharibənin olması ehtimalı olduqca azdır. Digər tərəfdən, İsrail Türkiyə ilə müharibəyə getməz. Belə ki, Təl-Əviv Türkiyənin Yaxın Şərq hadisələrində aparıcı rolunu, onun hərbi gücünü, regiona təsir imkanlarını nəzərə almadan keçə bilməz.  Bunların nəzərə alınması isə o deməkdir ki, İsrail belə bir avantüraya gedib özünü çətin duruma salmaz. 

Sözügedən  komitənin verdiyi açıqlama sadəcə olaraq, Türkiyənin Suriyada söz sahibi olmasını həzm edə bilməmələrindən qaynaqlanır. Məqsəd də Türkiyənin ərazidə irəliləməsinin, yeni Suriya hökumətilə  birlikdə kürd terrorçuları və İsrailin dəstəklədiyi druzlardan ibarət silahlı qruplaşmaları zərərsizləşdirmək cəhdlərinin  qarşısını almaqdır. Onlar arasında toqquşma  olsa-olsa hər iki tərəfin dəstəklədiyi müxtəlif proksi qüvvələri arasında baş verəcək. Əslində İsraillə Türkiyə arasında  qarşıdurmanın olması Suriyadakı itirilmiş mövqelərini yenidən bərpa etmək üçün Rusiya və İranın maraqlarına xidmət edir.  Onlar öz mövqelərini itirdikləri mövcud vəziyyətdə çətin ki, Suriyada stabilliyin olmasını istəsinlər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->