"İstanbulda baş tutan bu görüş, Yaxın Şərqdə sülh prosesinin yeni mərhələsinə dair mühüm diplomatik siqnal kimi dəyərləndirilə bilər”.
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Vüqar Ziferoğlu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla HƏMAS-ın danışıqlar üzrə rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti arasında İstanbulda baş tutan görüşü şərh edərkən deyib:
Ekspertin fikrincə, bu görüş ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən və bölgədə atəşkəs, təhlükəsizlik və yenidənqurma mexanizmlərini əhatə edən planın növbəti mərhələlərinin həyata keçməsinə bir neçə aspektdən töhfə verəcək:
"Atəşkəs mexanizmlərinin müzakirəsi və HƏMAS nümayəndələrinin bu istiqamətdə Türkiyə ilə koordinasiyaya açıq olması, sülh planının ilkin və ən vacib mərhələsi olan "davamlı atəşkəs”in təmininə real imkan yaradır. Türkiyə bu mərhələdə həm vasitəçi, həm də zəmanətçi kimi çıxış etməklə, tərəflər arasında etimadın formalaşmasına yardımçı ola bilər”.
Siyasi şərhçi deyir ki, ikinci mühüm məsələ regional diplomatik balansın dəyişməsidir:
"Tramp planına görə, bu dəfə prosesdə ABŞ təkbaşına rol oynamayacaq. O, Türkiyə kimi regional nüfuz sahiblərini də prosesə cəlb etməyə çalışır. Bu, planın legitimliyini artırmaqla yanaşı, bölgə dövlətlərinin məsuliyyətini də paylaşdırır. Türkiyənin iştirakı planın "xarici diktə” deyil, "regional konsensus” əsasında formalaşdığı təəssüratını gücləndirir”.
V. Ziferoğlu qeyd edir ki, görüşdə humanitar və infrastruktur məsələlərinin də müzakirə olunması planın sosial komponentliyini önə çəkir:
"Türkiyə Qəzza zolağında humanitar yardım, səhiyyə, su və enerji təchizatı kimi sahələrdə praktiki dəstək göstərməyə hazır olduğunu bildirir. Bu, Tramp planının yalnız siyasi deyil, həm də sosial reabilitasiya yönünü gücləndirir və yerli əhalinin prosesə inamını artıra bilər”.
Bununla yanaşı, ekspert bildirir ki, bu prosesin qarşısında müəyyən risk və məhdudiyyətlər də mövcuddur:
"HƏMAS ilə Türkiyə arasındakı əlaqələrin İsraildə narazılıq doğurması, Ankara ilə münasibətləri onsuz da gərgin olan Təl-Əvivin etimad problemini daha da dərinləşdirə bilər. Tramp planının əsas bəndlərindən biri olan "demilitarizasiya” məsələsi hələ də HƏMAS tərəfindən qəbul edilməyib. Bu isə, planın növbəti mərhələlərində gərginlik yarada bilər”.
Bir sözlə, İbrahim Kalın–Xəlil əl-Həyyə görüşü, ekspertə görə,Tramp planının praktiki tətbiqi yolunda diplomatik körpü rolunu oynayacaq:
"Türkiyə vasitəçi kimi həm Qərb, həm də region tərəfləri arasında balansı qoruyur və dialoqu davamlı saxlamağa çalışır. Bu, planın uğurla irəliləməsi üçün mühüm psixoloji və diplomatik zəmin yaratsa da, yekun nəticə tərəflərin real öhdəliklərə sadiqliyindən asılı olacaq”.
Qeyd edək ki, mətbuatın yazdığına görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın dünən İstanbulda HƏMAS-ın danışıqlar üzrə rəhbəri Xəlil əl-Həyya və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Danışıqlar Trampın Qəzza münaqişəsinin həllini nəzərdə tutan və 20 bənddən ibarət planının növbəti mərhələlərinin həyata keçirilməsinə yönəlib.
Həmçinin görüşdə atəşkəsin təmin edilməsi mexanizmlərinin müzakirə edildiyi də bildirilir.
Rüfət Sultan
Şərhlər